Bayraqdar.info – Noyabrın 6-da Baş nazir Əli Əsədovun sədrliyi ilə 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzünün nəticələrinin aradan qaldırılması üzrə Dövlət Komissiyasının növbəti iclası keçirilib.
Bu haqda xəbəri bayraqdar.info-ya Nazirlər Kabinetinin Mətbuat xidmətindən veriblər.
“Baş nazir Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycanın rəşadətli Silahlı Qüvvələrini 44 günlük Vətən müharibəsində qazanılmış Zəfər münasibətilə təbrik edib və qələbəyə görə təşəkkürünü bildirib, şəhidlərə rəhmət, müharibə zamanı yaralanmış qazilərə sağlamlıq diləyib”, – deyə xəbərdə bildirilir.
Daha sonra qeyd edilir ki, iclasda Komissiyanın fəaliyyətinin 1 ili ərzində görülmüş işlərin vəziyyəti müzakirə olunub.
Xəbərdən sitat: “Baş nazir qeyd edib ki, bütövlükdə dəymiş ziyanın aradan qaldırılması üçün indiyədək 113,7 milyon manat, o cümlədən infrastruktur (yollar, rabitə, su, elektrik və qaz təchizatı) üzrə 27,4 milyon manat, tikinti, təmir və bərpa işlərinə 50,0 milyon manat, Gəncə şəhərində 89 ailəyə çoxmənzilli evlərin alınmasına 6,6 milyon manat, kənd təsərrüfatı üzrə 1,4 milyon manat, sahibkarların dövriyyə vəsaitləri üzrə 4,8 milyon manat, nəqliyyat vasitələri üzrə 0,6 milyon manat, 8 təhsil müəssisəsində tikinti-təmir üzrə ilkin olaraq 7,4 milyon manat və əhalinin məişət və şəxsi əşyalarına dəymiş ziyan üzrə təxminən 50 min vətəndaşımızı əhatə edən 12 370 ailəyə maddi yardımlar üzrə 15,5 milyon manat vəsait xərclənmişdir”.
O da bildirilib ki, Komissiya tərəfindən 13 min 295 obyektin təmir və bərpası haqqında qərar qəbul edilib: “Ötən dövr ərzində 12 min 125 obyektdə, yəni bütün obyektlərin 91.2 faizində təmir, bərpa və tikinti işləri tam başa çatdırılmışdır. Hazırda 1 min 94 obyektdə, yəni bütün obyektlərin 8.2 faizində tikinti və təmir işləri davam etdirilir. Beləliklə, təmir və tikintisi üzrə işlərin başa çatdığı və icra prosesində olan obyektlərin ümumi sayı 13 min 219 və ya 99.4 faiz təşkil edir. Bu və ya digər səbəblərdən təmir və tikintisinə başlanılmamış obyektlərin sayı 76 və ya ümumi obyektlərin 0.6 faizidir. Bu kateqoriyadan olan obyektlər üzrə zəruri dəqiqləşdirmələr aparılır”.
“İclasda məruzələr dinlənilib və işlərin yekun mərhələsinə dair müvafiq tapşırıqlar verilib”, – deyə xəbərdə qeyd edilir.