Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında cari ilin 9 ayında görülən işlər,postmüharibə dövründə sosial dəstək tədbirləri müzakirə olunub.
Bu barədə bayraqdar.info-ya noyabrın 6-da ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, nazir Sahil Babayev Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun bir il bundan əvvəl Vətən müharibəsində möhtəşəm Zəfər əldə etdiyini qeyd edib. S.Babayev bu tarixi Qələbənin xalqımızda sonsuz qürur hissi yaratdığını vurğulayıb: “Vətən müharibəsindən sonra cənab Prezidentin tapşırığı ilə böyük sosial dəstək paketi icra olunur. Şəhid ailələri və qazilər, erməni terrorundan zərər çəkənlərdən ibarət artıq 33 min şəxs bu dəstək tədbirləri ilə əhatə olunur”.
Nazir deyib ki, şəhidlərin ailə üzvləri və qazilərlə bağlı icra olunan sosial dəstək proqramları daha da genişlənəcək.
Qeyd edilib ki, mühüm bir dəstək istiqaməti olaraq Vətən müharibəsinin şəhidlərinin ailə üzvlərinin sosial təminat hüquqlarının çevik şəkildə reallaşdırılması təmin olunub:“Onların müraciətinə, zəruri sənədləri təqdim etmələrinə ehtiyac qalmadan bu sənədlər aidiyyəti qurumlardan alınıb və e-sistem üzərindən proaktiv qaydada sosial ödənişlər təyin edilib. Şəhid ailələrinin üzvlərindən ibarət 7900 nəfərə 15700 sosial ödəniş (Prezidentin aylıq təqaüdü, pensiya və ya müavinət) təyin edilib. Həmçinin Vətən müharibəsi qazilərinin əlilliyini qiymətləndirilməsi işləri də davam edir. Onlardan artıq 2165 qaziyə əlillik və sosial ödənişlər təyin edilib”.
Çıxışda həmçinin bildirilib ki, bu il şəhid ailələri və müharibə əlillərinə 1850 mənzil verilib və ilin sonunadək bu rəqəm 3 minə çatacaq. Həmçinin müharibə əlillərinin avtomobillə təminatı işləri davam edəcək.
“2021-ci il üzrə 16 min şəxsin özünüməşğulluq proqramına cəlb olunması nəzərdə tutulub. Onlardan artıq 13 min şəxs proqrama cəlb olunub. Özünüməşğulluq proqramına şəhid ailələri və qazilərin cəlb edilməsi xüsusi qeyd edilə bilər. Vətən müharibəsindən sonrakı bir ildə bu kateqoroyadan olan 5500-ə yaxın şəxs özünüməşğulluq proqramına cəlb olunub.
Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun gəlirləri də artmaqda davam edir. Müsbət haldır ki, bu ilin 9 ayında Fondun sosial sığorta daxilolmalarında daha 8 faiz və ya 208 milyon manat artım olub. Büdcə təşkilatları üzrə illik proqnoz da 105 faiz, qeyri-büdcə sektoru üzrə illik proqnoz 113 faiz icra edilib.
Sosial sahədə elektronlaşma proqramı uğurla icra olunur. Nazirliyin elektron xidmətlərinə 2021-ci ilin 9 ayında 11,5 milyon müraciət qeydə alınıb. Bu gün Nazirlik üzrə 170 xidmətdən 105-i e-sistemlər üzərindən, o cümlədən 44 e-xidmət proaktiv qaydada göstərilir. Hazırda Nazirlik üzrə daha 56 xidmətin də elektronlaşdırılması işləri aparılır. Həmçinin bu ilin yanvar-sentyabr aylarında Nazirliyin fəaliyyət sahələri üzrə olan 30 e-arayış xidməti vasitəsilə 465 min e-arayış verilib”-, deyə daha sonra vurğulanıb.
İclasda bir sıra peşə və kvalifikasiya standartlarının təsdiq edilməsi qərara alınıb.
Nazirliyin tabeliyindəki DOST Agentliyi, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Agentliyinin cari ilin 9 ayına dair fəaliyyətinə, habelə sosial müdafiə, pensiya və sosial təminat, təhlil, strateji planlaşdırma və digər aidyyəti sahələrdə aparılmış işlər barədə məruzələr edilib. Qeyd olunan istiqamətlərdə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.