Bayraqdar.info – Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında 8 Noyabr – Zəfər Günü münasibətilə “Qarabağa qayıdış” adlı tədbir keçirilib.
Bu barədə bayraqdar.info-ya noyabrın 5-də Akademiyadan məlumat verilib.
Bildirilib ki, tədbir Azərbaycanın dövlət himninin səslənməsi və Zəfər Gününü qanları ilə yazan şəhidlərin, o cümlədən Akademiyanın məzunu olmuş Əli Əhmədov, İqbal Babayev, İlkin Ağakişiyev və Aqşin Novruzovun əziz xatirəsinin yad edilməsi ilə başlayıb.
Akademiyanın rektoru, professor Hüseyn Qaraşov Zəfər Gününün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını bildirib. Rektor bu tarixi Qələbənin Azərbaycan Prezidenti, Müzəffər AliBaş Komandan İlham Əliyev tərəfindən aparılan məqsədyönlü işlər və yürüdülən uzaqgörən siyasət nəticəsində təmin olunduğunu vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Zəfər Gününə həsr olunmuş “Post-konflikt ərazilərin dirçəldilməsinin maliyyə problemləri” mövzusunda “Microsoft Teams” platforması üzərindən Tələbə elmi-praktiki konfransı da keçirilib.