Bayraqdar.info – Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın İstanbulda keçirilən Türk Keneşi Təhsil Nazirlərinin 6-cı toplantısına müraciət göndərib. Müraciətdə bildirilir ki, bu il türk dünyası Türk Keneşinin yaradılmasının 12-ci ildönümünü qeyd edir. Son 12 ildə bu qurumun aramızda olan qardaşlığın, həmrəyliyin və əməkdaşlığın simvoluna çevrildiyi və yeni tərəfdaşlıqların yaradılmasına təkan verdiyi vurğulanır.
Anadolu Agentliyinin məlumatına görə, müraciətdə daha sonra deyilir ki, bu prosesdə Türk Keneşi institutlaşmasını tamamlayıb və yeni iştiraklarla gücünü, nüfuzunu və effektivliyini artırıb. 12 noyabr 2021-ci ildə İstanbulda Türkiyənin ev sahibliyində keçiriləcək 8-ci Zirvənin Türk Keneşinin tarixində dönüş nöqtəsi olacağına əminlik ifadə edilir: “İnanıram ki, sammit çərçivəsində təhsil nazirlərimiz arasında görüşümüz gələcəyimizin qarantı olan gənclərimizə daha keyfiyyətli təhsil vermək səylərimizdə bizə yol göstərəcək.
Görüş münasibəti ilə könül dünyamızın müxtəlif guşələrindən Türkiyəyə səfər etmiş sizi, qonaqlarımızı salamlayıram və təhsil işimizə verdiyiniz dəyərli töhfələrə görə hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm”.
Cümhurbaşqanı sonda Türk Şurası Təhsil Nazirlərinin 6-cı toplantısının faydalı keçməsini arzu edib: “Türk dünyasındakı bütün qardaşlarıma xoşbəxtlik, firavanlıq və rifah arzulayıram”.