Press "Enter" to skip to content

Pandemiya və… teatrların yenidən doğuşu

Bayraqdar.info – Pandemiyanın ağır şərtləri aradan qalxdıqca teatrlar və kinoteatrlar da yavaş-yavaş işə düşür. Nəhayət ki, teatrların qapıları aktyorların və tamaşaçıların üzünə açılıb. İki ilə yaxın bir müddət ərzində teatrlara – sənət ocağına həsrət qalan aktyor heyətinin sevinə-sevinə sevimli məkana gəlib teatrın havasını ciyərlərinə çəkməsi, səhnəyə çıxıb oradan tamaşaçı zalına boylanması, tamaşaçı zalında əyləşib oradan səhnəni gözdən keçirməsi halları da yəqin ki, yaşanmamış olmadı.

Təbii ki, sənətini, işini sevən insanlar məhz elə bu cür reaksiya verə bilər. Bizim səhnələrdə tamaşalar hazırlayan aktyor heyəti sözün əsl mənasında fədakardır.

Pandemiya bizə ağır zərbələr vurdu. Bu, öz yerində. Amma həm də teatrlara, kinoteatrlara güclü bir maraq oyatdı.

Tamaşa zallarının boş qalmasından illərlə şikayətlənən teatr işçiləri indi ayın sonuna qədər bütün tamaşalara biletlərin satıldığını bildirirlər. Bu, əlbəttə ki, sevindirici haldır.

Yadımdadır, illər öncə, bir dəfə aktrisa işləyən rəfiqəmin tamaşa məşqlərinə baxmağa getmişdim. O, Gənc Tamaşaçılar Teatrında çalışırdı və məni məşqə baxmağa dəvət etmişdi. Yeni il öncəsi balacalar üçün repertuardan uşaq tamaşaları hazırlayırdılar. Rəfiqəmə tülkü obrazı düşmüşdü. Tülkü geyimində səhnəyə çıxanda öncə onu tanımadım. Daha sonra onun yaradacağı obrazın məşqləri başlandı. Çox məşhur və tələbkarlıqda ad çıxarmış rejissor xanım bir epizodu dəfələrlə məşq etdirirdi.

…Tamaşanın bir yerində tülkü meşədə şir ilə rastlaşır. Şir tülkünün quyruğundan tutub fırladaraq bir neçə dəfə yerə çırpmalı idi. Tülkü geyimli rəfiqəmi həmin an yaxınlaşdıqca titrətmə tutmuşdu. Və budur! Şir səhnədə göründü. Tülkünün quyruğundan tutub fırladaraq möhkəm yerə çırpdı və bu, bir neçə dəfə təkrar edildi. Deməli, həmin səhnə hələ mən orada olan müddətdə 10 dəfə məşq edildi. Yazıq rəfiqəmi dəfələrlə yerə çırpdılar. Məşq bitəndən sonra evə gedəndə başı fırlanan, ayaq üstə dayana bilməyən rəfiqəmin qoluna girib onu evə sürüyürdüm.

Evdə çay süfrəsi arxasında o mənə, bilirsinizmi, nə dedi? Dedi ki, yeni il ərəfəsində bu tamaşalar hər gün 5-6 dəfə ya teatrda, ya da dəvət edildiyimiz məkanlarda nümayiş olunur. Təsəvvür edin ki, 20 gün dalbadal hər gün 5-6 dəfə adamı qaldırıb yerə çırpalar, adamın halı necə olar?

Bunu oxuyanda bilmirəm güləcəksiniz, ya ağlayacaqsınız, amma mən o məşqi görəndən sonra teatr sevdamla xudahafizləşdim. Düzdür, daxilimdə həmişə teatr aləmini sevirəm və bu sevgi yəqin ki, mənimlə ömürlükdür.

İndi teatrlarda bir-birindən qızğın məşqlər gedir. Pandemiyanın ağır dönəmində kifayət qədər evdə dincəlmiş teatr komandaları indi həvəslə yeni tamaşaların üzərində işləyir, məşqlər edir, səhnəyə çıxırlar. Biz də teatrların repertuarını gözdən keçirib gedəcəyimiz tamaşaları müəyyənləşdiririk…

Mission News Theme by Compete Themes.