Press "Enter" to skip to content

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi – böyük və mehriban ailə

Nadir AZƏRİ

Nadir İSMAYILOV,
“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri

Bayraqdar.info – Bu günlər ölkəmiz yenidən beynəlxalq aləmin diqqət mərkəzindədir. Paytaxt Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə VIII Qlobal Bakı Forumu keçirilir. Bu forumun və ölkəmizin diqqət mərkəzində olmasının isə bir sıra səbəbləri var.

Əvvəla postmüharibə dövründə, konkert olaraq İkinci Qarabağ müharibəsindən cəmi bir il sonra dünya üçün əhəmiyyətli məsələlərin müzakirə edildiyi, fəaliyyətdə olan və keçmiş dövlət rəhbərləri, baş nazirlər, xarici işlər nazirləri, müxtəlif siyasi, iqtisadi, ictimai sahələrdə dünyada tanınmış ekspertlər, jurnlaistlər, beyin mərkəzlərinin rəhbərləri və din xadimlərinin iştirak etdiyi belə bir mötəbər tədbirin keçirilməsi ölkəmizin qüdrətindən, gücündən xəbər verir.

Dahi şairə hörmətin ifadəsi

İkincisi, Azərbaycanda 2021 “Nizami Gəncəvi İli” elan edilib. Müharibənin cəmi bir ildir başa çatmasına baxmayaraq VIII Qlobal Bakı Forumunun keçirilməsi həm ölkəmizin, həm də dahi şairin adını daşıyan Beynəlxalq Mərkəzin bu il anadan olmasının 880-ci ildöünümü qeyd etdiyimiz Nizami Gəncəviyə hörmətinin ifadəsidir.

Üçüncüsü, bundan əvvəlki forumlarda olduğu kimi VIII Qlobal Bakı Forumunda da əsas məqsəd dünyanı narahat edən problemləri müzakirə edib həll yollarını tapmaqdır. Təsadüfi deyil ki, VIII Qlobal Bakı Forumu “COVID-19-dan sonrakı dünya” mövzusuna həsr edilib. Bu isə, əslində hər şeyi deyir.

Yəni, görünən odur ki, həm bu foruma ev sahibliyi edən ölkəmiz, həm də Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dünyadakı mövcud problemlərə biganə qalmır, bu problemlərin həlli üçün ön sırada gedir. Bu məqamda ölkəmizin COVID-19 pandemiyasına qarşı mübarizədə ilk gündən atdığı addımları xatırlatmaq yerinə düşər.

Azərbaycan COVID-19-la mübarizədə ön sıradadır

Bu sırada ilk olaraq Azərbaycanın beynəlxalq səviyyədə pandemiya ilə mübarizəyə töhfələri, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində yardım ayırması, 30-dan artıq ölkəyə yardım göstərməsini qeyd edə bilərik.

Eyni zamanda, Qoşulmama Hərəkatının Sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci il dekabrın 3-də Nyu-Yorkda BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi, Azərbaycanın vaksin ayrıseçkiliyi – millətçiliyinə qarşı ən fəal mübarizə aparan ölkələrdən biri olması da vurğulanmalıdır.

Lakin bu da son deyil. Belə ki, ölkəmiz bu problemə son qoyulması üçün ardıcıl təşəbbüslərlə çıxış edir. Elə 2021-ci il martın 23-də BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilməsi, ÜST-ün istifadəsində olan COVID-19-la bağlı göstərilən tibbi xidmətlərin məlumat bazasının yaradılması təşəbbüsünü irəli sürməsi deyilənlərə misaldır.

Bir sözlə, görünən odur ki, pandemiyaya qarşı mübarizənin ilk günündən bu məsələdə beynəlxalq səylərin birləşdirilməsi və gücləndirilməsi üçün davamlı addımlar atan Azərbaycan, eyni zamanda COVID-19-dan sonrakı dünya ilə bağlı da təşəbbüslərin və təkliflərin müzakirə olunduğu, həll yollarının axtarıldığı mərkəz rolunu oynayır.

Böyük potensiallı aparıcı beynəlxalq təsisatlardan biri

Dördüncü məqam konkret olaraq Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti ilə bağlıdır. Yəni bu mərkəzin qısa bir zamanda uğurlu fəaliyyəti ilə dünya miqyasında fərqlənməsi, dünya ictimaiyyətinin gündəliyində olan təxirəsalınmaz məsələlərin müzakirə edildiyi nadir, fəal beynəlxalq platformaya çevrilməsi, təşkilatda bilik, təcrübə və müdrikliyi ilə seçilən intellektual dairələrin birləşməsi beynəlxalq ekspertlərin diqqət mərkəzindədir.

Prezident İlham Əliyevin Forumun açılış mərasimində çıxışı zamanı bəyan etdiyi kimi, Qlobal Bakı Forumu qlobal siyasətə aid təxirəsalınmaz və vacib məsələlərin müzakirəsi baxımından aparıcı platformalardan birinə çevrilib. Təbii ki, həm bu, həm də öz tərkibində dünyanın sayılıb-seçilən şəxslərini böyük və mehriban ailə kimi öz sıralarında birləşdirməsi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin, həmçinin Azərbaycanın uğurudur. Fikrimizcə, dövlət başçısının aşağıdakı fikirləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə bu baxımdan işıq tutur: “Sadəcə, bu gün olan iştirakçıların, çıxışçıların, Foruma müraciət edəcək mötəbər şəxslərin siyahısına baxmaq kifayət edər ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nisbətən qısa müddətdə ziyalıların, dövlət məmurlarının, siyasətçilərin, jurnalistlərin, dövlət xadimlərinin və vətəndaş cəmiyyəti üzvlərinin biliklərini, təcrübəsini və baxışını toplayan, böyük potensialı olan çox azsaylı aparıcı beynəlxalq təsisatlardan birinə çevrildiyini deyək”.

Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırlması üçün tribuna

Beşincisi, bu forumlar Azərbaycan haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında da mühüm rol oynayıb və bundan sonra da oynayacaq. Bu baxımdan Ermənistan-Azərbaycan münaqişəsi haqqında öncəki forumlarda səsləndirilən fikir və faktların beynəlxalq cameyədə yaratdığı təəssüratı xüsusi vurğulamalıyıq. Məhz bunun nəticəsidir ki, 44 günlük Vətən müharibəsində əksər xarici ölkə və təşkilatlar Azərbaycanın haqq davası apardığının, öz torpaqlarını işğaldan azad etmək üçün savaşdığının fərqinə vardılar.

Artıq müharibə qurtarıb. Amma qarşıda bizi hələ görüləsi çox işlər, həll edilməli məsələlər gözləyir. Təbii ki, bunların önündə də Ermənistanla imzalanacaq sülh sazişi dayanır. Dövlət başçısının məlum çıxışında bəyan etdiyi kimi, indi biz postmünaqişə vəziyyətindəyik və Ermənistana bir sıra təkliflər etmişik ki, sülh müqaviləsi üzərində işləməyə başlayaq. Çünki müharibə deyil, sülh, gələcək haqqında danışmaq istəyirik.

Dövlət başçısı Forum iştirakçılarının diqqətinə onu da çatdırıb ki, Ermənistan hələ də bu təkliflərə cavab verməyib: “Eyni zamanda, biz hər iki ölkənin ərazi bütövlüyünü tanımaqla, dövlət sərhədlərimizin delimitasiyası və demarkasiyası üzərində işə başlamağı təklif etdik. Bu, həmçinin beynəlxalq hüquq normalarına və normal davranışa uyğundur. Bu təklifə də hələ baxılmayıb”.

Bəli, göründüyü kimi, əgər dövlət başçısı bundan öncə forumlarda münaqişənin həlli üçün çalışdığımızı bəyan edir və buna mane olan səbəblər barədə dünya ictimaiyyətini bilgiləndirirdisə, indi də posmünaqişə dövründəki durumu VIII Qlobal Bakı Forumunun iştirakçıları vasitəsilə bütün dünyanın diqqətinə çatdırır. Bununla da dünya bir daha Azərbaycanın sülh, sabitlik və inkişaf tərəfdarı olduğunu görür. Yəni, cənab İlham Əliyevin bəyan etdiyi kimi, təxminən 30 illik işğalın əziyyətlərinə, azad edilmiş ərazilərdə vandalizm və barbarlığa baxmayaraq, Azərbaycan maksimal konstruktivlik nümayiş etdirir: “Biz gələcəyə nəzər salmalıyıq. Biz regionun təhlükəsiz, proqnozlaşdırılan və genişmiqyaslı əməkdaşlığa hazır olmasını təmin etməliyik. Bu barədə müxtəlif təkliflər var. Ola bilsin, siz onlar haqqında eşitmisiniz. Hesab edirəm ki, hər şey Ermənistanın mövqeyindən asılı olacaq, çünki bizim mövqeyimiz tam aydındır. Bu gün bir daha deyirəm ki, biz hazırıq, sülh danışıqlarına başlamağa, sülh razılaşması üzərində çalışmağa, səhifəni çevirməyə və sərhədin delimitasiyasına hazırıq. Görəcəksiniz ki, Ermənistandan cavab gəlməyəcək. Demək olar ki, bir ildir susurlar”.

Beləliklə, bütün dünya bir daha regionda sülhün tərəfdarının hansı, buna maneə yaratmaq istəyənin isə hansı ölkə olduğunu bildi. Dünya onu da bildi ki, əgər qarşı tərəf, yəni Ermənistan rəhbərliyi əvvəlki danışıq illərində bizi dinləsəydilər, özlərini normal aparsaydılar, bugünkü vəziyyətə düşməzdilər.

Mission News Theme by Compete Themes.