Bayraqdar.info – Ərdəbil zindanında 15 illik məhkumluq dövrünü keçirən siyasi Məhbus Abbas Lisani noyabrın 4-də ciddi təhlükəsizlik tədbirləri və silahlı məmurların müşayiəti ilə Ərdəbil şəhərinin Ədliyyə Tibb Mərkəzinə aparılıb.
A.Lisaninin Ədliyyə Tibb Mərkəzinə aparılması MRT testinin nəticələrinə və həkimlərin rəyinə əsasən həyata keçirilib.
Qeyd edək ki, belində ciddi ağrılar olan A.Lisani təcili əməliyyat olunmalıdır.
Ədliyyə Tibb Mərkəzinin həkimi təkidlə bildirib ki, o, tezliklə müayinə olunmalı, analizlərinin nəticələri yoxlanılmalı və mütəxəssis həkim tərəfindən müalicə edilməlidir.
Bundan bir müddət öncə şiddətli bel və diz ağrılarından əziyyət çəkən A.Lisani zindan həkimlərinin verdiyi dərmanlar və tətbiq etdikləri müalicə işə yaramadığı üçn silahlı məmurların müşayiəti ilə Ərdəbilin “Fatimi” xəstəxanasına aparılıb, orada analizlər verdikdən sonra zindana geri qaytarılıb.
Oktyabrın 21-də o, təhlükəsizlik və polis məmurlarından ibarət üç avtomobilin müşayiəti ilə yoxlanmaq üçün klinik terapiya mərkəzlərindən birinə aparılıb.
Orada siyasi məhbusdan analizlər götürülüb.
Siyasi məhbus uzun müddətdir ki, müxtəlif xəstəliklərdən, o cümlədən onurğa bel disk yırtığı xəstəliyindən əziyyət çəkir və təhlükəsizlik orqanlarının onun işinə müdaxiləsi nəticəsində düzgün müalicəsi üçün şərait yaradılmır, tibbi məzuniyyətə buraxılmır.
A.Lisani 2019-cu ilin iyul ayında Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.
Daha sonra bu hökm Ərdəbil Apellyasiya Məhkəməsi tərəfindən 2 il sürgün və 15 il həbs cəzasına yüksəldilib.
Ali Məhkəmə isə milli fəalın şikayətini təmin etmədiyindən dolayı bu hökmün tətbiqi qətiləşib.
Ərdəbil Məhkəməsi A.Lisaninin İranın İslami Cəza Qanununda nəzərdə tutulan həbs cəzalarını azaldılması ilə iddiasını rədd edib.
Beynəlxalq insan haqları təşkilatı Amnesty International A.Lisani ilə bağlı “təcili hərəkət” kampaniyası başladıb, siyasi məhbusun dərhal qeyd-şərtsiz azad buraxılmasını tələb edib.
Qaynaq: GünAz.TV