Bayraqdar.info – Diasporla İş üzrə Dövlət Komitəsi və Gənclər və İdman Nazirliyi ölkəmizdə idman hüququ sahəsində mütəxəssislərin hazırlanması istiqamətində işin təkmilləşdirilməsinə dair birgə layihəyə başlayıb.
Bu barədə bayraqdar.info-ya noyabrın 5-də Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, “layihəyə əsasən, “Azərbaycan İdman Könüllüləri” ictimai birliyinin sədri, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi Miraqil Seyidzadə Rusiya Federasiyası (RF) Hökuməti yanında Qanunvericilik və Müqayisəli Hüquq İnstitutunun “Hüquqşünaslıq” fakültəsinin “İdman hüququ” ixtisası üzrə magistratura pilləsinə qəbul olunub.
Bu ixtisasa yiyələnmək istəyən namizədlər arasından seçilən həmvətənimizin qonşu ölkənin nüfuzlu ali təhsil müəssisələrindən birinə qəbul olunması Beynəlxalq Hüquqşünaslar İttifaqının Rusiyanın Krasnoyarsk vilayəti üzrə nümayəndəliyinin rəhbəri, həmvətənimiz Ceyhun Cəfərovun vəsatəti və Beynəlxalq Hüquqşünaslar İttifaqının sədri Andrey Trebkovun dəstəyi nəticəsində mümkün olub”.
“Diasporla İş üzrə Dövlət Komitəsi nüfuzlu ali təhsil müəssəsinə qəbul olunması münasibətilə Miraqil Seyidzadəni təbrik edir, idman hüququ kimi vacib ixtisasa yiyələnməsi yolunda uğurlar qazanmağı və bu sahənin ölkəmizdəki inkişafına töhfələr bəxş etməyi arzulayır” -, deyə, məlumatda qeyd olunur.