Press "Enter" to skip to content

Hacıqabulda tarla seminarı keçirilib

Bayraqdar.info – Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Hacıqabul rayonu ərazisində “Təkrar şəkər çuğunduru əkinlərinin üstünlükləri” mövzusunda tarla seminarı keçirilib. Tədbirdə Nazirliyin Aparat rəhbəri Rafail Quliyev, KT nazirinin müşaviri Şöhrət Vəkilov, Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov, həmçinin Hacıqabul, Beyləqan, Füzuli, Ağcabədi, Bərdə, Ağdam və Tərtər rayonlarının Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri və fermerlər iştirak edib.

Xəbər bayraqdar.info-ya noyabrın 5-də Nazirlikdən verilib.

“Seminarda bildirilib ki, Respublika üzrə 2021-ci ildə şəkər çuğundurunun əkin sahəsi ümumilikdə 5 min 214 hektar təşkil edib. Avqust ayından başlayan və hazırda davam etməkdə olan yığım prosesində 4 min 250 ha sahədə yığım prosesi başa çatıb və ümumilikdə 147 min 453 ton şəkər çuğunduru tədarük edilib. Orta məhsuldarlıq göstəricisi 34,7 t/ha, şəkərlilik göstəricisi 14, 65 faiz təşkil edib. Yığım prosesi tam başa çatdıqdan sonra ümumi istehsalın 182 min ton təşkil edəcəyi gözlənilir.

Seminarda arpa biçinindən sonra həmin sahədə şəkər çuğundurunun əkilməsi ilə təkrar əkin sisteminin tətbiqi, bununla da torpağın strukturunun yaxşılaşdırılması, xəstəlik və zərərvericilərə qarşı pestisidlərdən istifadənin minimum səviyyəyə endirilməsi məsələləri müzakirə edilib. Bildirilib ki, əlavə torpaq resursları cəlb etmədən eyni sahədə təkrar əkinin həyata keçirilməsi ölkədə çuğundur istehsalının artmasına imkan yaratmaqla yanaşı, həm də fermerlərin gəlirlərinin nəzərəçarpacaq dərəcədə artmasına xidmət edir. Bu üsulla əkilmiş şəkər çuğunduru sahələrində suya tam qənaət olunur.

“Tədbirin sonunda tətbiq edilən qabaqcıl təcrübənin yayılması istiqamətində fermerlər və DAİM-in nümayəndələri arasında qarşılıqlı fikir mübadiləsi aparılıb, fermerlərin sualları cavablandırılıb”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.