Press "Enter" to skip to content

Goranboyda aqrar sığorta ilə bağlı fermerlərlə görüş

Son yeniləmə: 5 Noyabr 2021 14:13

Bayraqdar.info – Yerli fermerləri məlumatlandırmaq məqsədilə Aqrar Sığorta Fondu və “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin nümayəndələri Goranboyda fermerlərlə görüş keçirib. Goranboy rayon icra hakimiyyətinin və yerli Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) dəstəyi ilə təşkil edilən görüşdə rayonun iri, orta və kiçik fermerlik təsərrüfatlarının nümayəndələri, heyvandarlıq və əkinçiliklə məşğul olan şəxslər iştirak edib.

Məlumat noyabrın 5-də bayraqdar.info-ya Kənd Təsərrüfatı Nazirliyindən verilib.

Görüşdə ASMSŞ ASC-nin İdarə Heyətinin sədri Elvin Əliyev fermerlərə aqrar sığortanın fermerlər üçün əhəmiyyəti və şərtləri barədə məlumat verib. Eləcə də, sığortalanan məhsullar, əhatə olunan risklər, sığorta haqları, sığortalanma üsulları və hadisə baş verərkən ödəniş prosesi açıqlanıb.

“Fermerlərə bildirilib ki, hazırda aqrar sığorta vasitəsilə 14 bitki, o cümlədən buğda, arpa, qarğıdalı, çəltik, kartof, üzüm, pambıq və sair, eləcə də südlük inəkləri və balıqçılıq təsərrüfatlarını sığortalamaq mümkündür. Aqrar sığortanın əsas üstünlüyü sığorta haqqının 50%-ni dövlətin ödəməsidir. Nəticədə fermerlər cüzi ödəniş etməklə təsərrüfatı bütün əsas risklərdən sığorta edə bilərlər. Belə ki, fermer üçün südlük inəyin sığorta haqqı 30-40 manatdan başlayır, taxıl əkini sahəsinin sığorta haqları isə Gəncə-Daşkəsən regionu üzrə 1 hektar üçün 15-20 manat ətrafındadır. Hadisə baş verdikdə dəyən zərər fermerə ödənilir.

“Aqrar sığorta ilə bağlı məlumatlar fermerlərin böyük marağına səbəb olub. Yerli sakinlər, aqrar sığortanın şərtlərindən və sığorta haqlarının məbləğindən, o cümlədən dövlətin 50%-lik dəstəyindən razı qalıb, onun sərfəli olduğunu bildiriblər.

“Görüşdə qeyd olunub ki, yeni qaydalara əsasən 10 ha və daha artıq əkin sahəsi olan təsərrüfatlar subsidiya almaq üçün sığorta edilməlidir. Sığorta haqqının yarısını dövlət ödədiyinə görə, bu yenilik fermerlərə ciddi maliyyə yükü yaratmır, əvəzində onların biznesini qoruyur. Fermerlərə tövsiyə olunub ki, payızlıq əkinlərin bəyanı dövründə təsərrüfatlarını əsas risklərdən sığortalansınlar.

“Fermerlər sığortalanmaq üçün Aqrar Sığorta Fondunun Cağrı Mərkəzinə (1651) zəng edə, rayonda fəaliyyət göstərən aqrar sığorta sisteminə daxil olan sığorta şirkətlərinə və ya yerli DAİM-lərə müraciət edə bilərlər. Onların müraciətinə dərhal cavab veriləcək və sığorta müqaviləsi bağlanacaq”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.