Bayraqdar.info – Belarus Respublikasının Milli Elmlər Akademiyasının “Geoinformasiya sistemləri” müəssisəsinin nümayəndə heyəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kosmik Agentliyinə (Azərkosmos) səfər edib.
Xəbər bayraqdar.info-ya noyabrın 5-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən daxil olub.
“Səfər çərçivəsində qonaqlara “Azərkosmos”un fəaliyyəti, operatoru olduğu peyklər və Azərbaycanın kosmik proqramı haqqında məlumat verilib. Daha sonra qonaqlar Azərbaycan Respublikasının Kosmik Agentliyinin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzi ilə tanış olublar.
“Səfərin sonunda “Azərkosmos” və Belarusun Milli Elmlər Akademiyası arasında Yer səthinin məsafədən müşahidə xidmətlərinə dair əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Belarus MEA kənd təsərrüfatı, ekologiya, xəritəçəkmə, infrastrukturun planlaşdırılması və monitorinqi, kadastr məlumatlarının yenilənməsi, turizm marşrutlarının müəyyən olunması üzrə həyata keçirilən layihələrdə “Azersky” peykinin təsvirlərindən istifadə edəcək”, – deyə xəbərdə vurğulanır.