Bayraqdar.info – “Dubay EXPO 2020” ümumdünya sərgisi çərçivəsində Azərbaycan nümayəndə heyəti “DP World Group”un direktoru Sultan Əhməd Bin Sulayemlə görüşüb.
Bu barədə bayraqdar.info-ya noyabrın 5-də İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə nümayəndə heyətinin rəhbəri, iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın nəqliyyat-tranzit və sənaye potensialını diqqətə çatdırıb. Nazir, sənaye zonaları və Trans-Xəzər nəqliyyat dəhlizi üzrə BƏƏ şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi imkanlarını vurğulayıb.
M.Cabbarov Ələt Azad İqtisadi Zonasının fəaliyyəti üçün Azərbaycanın inkişaf etmiş infrastruktura malik olduğunu, bu sahəyə qoyulan investisiyaların ölkə iqtisadiyyatının diversifikasiyasına və ticarət dövriyyəsinin artırılmasına əlavə imkan yaratdığını qeyd edib.
Məlumata əsasən, görüşdə Azərbaycanın geniş tranzit potensialı vurğulanıb və Bakının Avrasiyanın tranzit və logistik mərkəzinə çevrilməsi istiqamətində görülən işlər barədə məlumat verilib.
“DP World Group”un direktoru Sultan Əhməd Bin Sulayem təmsil etdiyi biznes qurumunun fəaliyyəti, müxtəlif ölkələrdəki təcrübəsi barədə danışıb. O, Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edib, ölkəmizin əlverişli coğrafi mövqeyinin və inkişaf etmiş infrastruktura malik olmasının “DP World Group”la əlaqələrin genişləndirilməsi üçün şərait yaratdığını vurğulayıb.
Tərəflər Bakı Beynəlxalq Dəniz Ticarət Limanı daxil olmaqla Ələt Azad İqtisadi Zonasına “DP World Group”un məsləhət xidmətləri göstərməsinə dair müzakirələr aparıb.
Görüş çərçivəsində Azərbaycan İnvestisiya Holdinqi və “Dubai Logistics World” arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd BƏƏ-nin Avropa və Asiya arasında ticarət əlaqələrini möhkəmləndirmək məqsədilə elan etdiyi “Dünya Logistika Pasportu” (WLP) təşəbbüsünə Azərbaycanın qoşulması, ölkəmizin beynəlxalq ticarətlə məşğul olan şirkətlərinin regional WLP mərkəzlərin təqdim etdiyi üstünlüklərə birbaşa çıxışının əldə olunması və digər məsələləri nəzərdə tutur.