Press "Enter" to skip to content

AMEA-nın İnstitutuna yeni direktor təyin edildi

????????????????????????????????????

Son yeniləmə: 5 Noyabr 2021 14:05

Bayraqdar.info – Noyabrın 4-də AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun yeni baş direktoru professor Abbas Qadir oğlu Seyidov Institutun kollektivinə təqdim edilib.

Xəbər bayraqdar.info-ya noyabrın 5-də İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən verilib.

“AMEA-nın vitse-prezidenti, İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri, akademik İsa Həbibbəyli tədbiri giriş sözü ilə açaraq bildirib ki, noyabrın 2-də AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin onlayn Ümumi yığıncağında Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru vəzifəsinə seçkilər keçirilib.

“Səsverməyə əsasən, tarix elmləri doktoru, professor Abbas Seyidov AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru seçilib və seçkinin nəticəsi ilə əlaqədar AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb. 3 noyabr tarixində keçirilmiş AMEA Rəyasət Heyətinin iclasında vəsatət təsdiq edilib.

“Daha sonra İ.Həbibbəyli yeni baş direktor professor Abbas Seyidovu kollektivə təqdim edərək ona fəaliyyətində uğurlar arzuladı.

“Həmçinin, akademik İsa Həbibbəyli təqdimat iştirakçılarına bildirdi ki, AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin onlayn Ümumi yığıncağı AMEA-nın Albanşünaslıq Elmi Mərkəzinin Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun strukturuna daxil edilməsi haqqında qərar qəbul edib. Qərar təsdiq üçün AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırıb. Vəsatət 3 noyabr tarixində təsdiq edilib”, – deyə xəbərdə bildirilir.

“İ.Həbibbəyli çıxışında bildirib ki, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun strukturuna daxil edilmiş Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri tarix üzrə fəlsəfə doktoru, professor Qafar Cəfər oğlu Cəbiyevdir.

“Daha sonra İ.Həbibbəyli İnstitutun nəzdində fəaliyyət göstərəcək Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri Qafar Cəbiyevi kollektivə təqdim etdi.

“Akademik İsa Həbibbəyli Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun qarşısında duran mühüm vəzifələrin yerinə yetirilməsində yeni baş direktor professor Abbas Seyidova və Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri professor Qafar Cəbiyevə bir daha uğurlar arzuladı.

“İclasda Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdirləri tarix elmləri doktoru, professor Hidayət Cəfərov, tarix elmləri doktoru, professor Əsədulla Cəfərov və tarix üzrə fəlsəfə doktoru Səfər Aşurov çıxış edərək İnstitutun yeni baş direktoru professor Abbas Seyidovu və Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri professor Qafar Cəbiyevi təbrik etdilər. Onlar İnstitutun qarşısında duran problemlərin həllində və mühüm vəzifələrin icrasında onlara uğurlar arzuladılar, effektiv elmi fəaliyyətin icrasında kollektivin birliyinin, qarşılıqlı əməkdaşlığın mühüm əhəmiyyətini qeyd etdilər.

“Təqdimatın sonunda İnstitutun yeni baş direktoru professor Abbas Seyidov çıxış edərək tədbir iştirakçılarına təşəkkürünü bildirdi. Professor A.Seyidov Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun işğalçılar üzərində 44 günlük tarixi qələbəsindən sonra Azərbaycan alimləri qarşısında duran mühüm vəzifələrin icrası istiqamətində İnstitut kollektivinin gerçəkləşdirəcəyi elmi tədqiqatların istiqamətlərindən söz açdı.” Xəbərdə belə vurğulanır.

Mission News Theme by Compete Themes.