Son yeniləmə: 4 Noyabr 2021 10:33
Bayraqdar.info – Təhsil Nazirliyindən verilən xəbərə görə, noyabrın 3-də Tərtər rayonuna mediatur təşkil edilib.
Xəbərdə bildirilir ki, mediaturun məqsədi Tərtər rayonunda 8 noyabr – Zəfər Günü və 9 noyabr – Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü”nün keçirilməsidir. Eyni zamanda, Tərtər rayonu Şıxarx kənd 1 nömrəli modul tipli tam orta məktəbin açılışı və məktəbin həyətində Zəfər Gününə həsr edilmiş ağacəkmə aksiyası həyata keçirilib. Bundan başqa, səfər çərçivəsində Tərtər rayonu üzrə 44 günlük Vətən müharibəsində döyüşən təhsil işçiləri ilə görüş də baş tutub.
“Mediaturda təhsil nazirinin müşaviri Elnur Əliyev, Nazirliyin əməkdaşları – Orxan Abbasov, İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov, media qurumlarının rəhbərləri və KİV nümayəndələri iştirak ediblər.
“İştirakçılar əvvəlcə Tərtər şəhərinin girişindən Bayraq Meydanına doğru yürüş ediblər.
“Daha sonra şəhid Dağıstan Əzizovun adını daşıyan Şıxarx kənd 1 nömrəli modul tipli tam orta məktəbin açılışı olub.
“Açılış mərasimində Tərtər Rayon İH-nin başçısı Müstəqim Məmmədov, Tərtər Rayon Təhsil Şöbəsinin müdir əvəzi Nuranə Abdullazadə və məktəb direktoru Ramil Ağayev də iştirak edib.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə təhsil nazirinin müşaviri Elnur Əliyev 44 günlük müharibə dövründə Tərtər rayonunda ümumilikdə 16 ümumtəhsil məktəbinin zərər gördüyünü, bir məktəblinin şəhid olduğunu xatırladıb.
Mediatura qatılan “Qanun” nəşriyyat evinin rəhbəri Şahbaz Xuduoğlu məktəbə kitablar hədiyyə edib.
Məktəbdə 44 günlük Vətən müharibəsində Tərtər rayonu üzrə zərər dəymiş təhsil müəssisələrinin görüntülərindən ibarət sərgiyə də baxış keçirilib.
Daha sonra məktəbin həyətində Təhsil Nazirliyinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İDEA İctimai Birliyi və Regional İnkişaf İctimai Birliyinin (RİİB) dəstəyi ilə “Zəfərdən yaşıl düşüncəyə” adlı aksiya çərçivəsində ağaclar əkilib.
Mediatur çərçivəsində Tərtər rayonu üzrə Vətən müharibəsində iştirak etmiş təhsil işçiləri ilə də görüş keçirilib, görüşdə onlara xüsusi diqqət və qayğı ifadə olunub.