Press "Enter" to skip to content

Ramil Həsən: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi çox önəmli bir dialoq platformasıdır

Ramil Həsən

Bayraqdar.info – “Bu günlər Azərbaycan paytaxtı yenidən dünyanın diqqət mərkəzindədir. Bu da səbəbsiz deyil. Çünki Bakı dünyada maraq doğuran məsələlərin müzakirə edildiyi, problemlərin həlli yollarının göstərildiyi daha bir nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi edir”.

Bunu Milli Məclisin deputatı Ramil Həsən bayraqdar.info-ya özəl açıqlamasında deyib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən VIII Qlobal Bakı Forumunun dünya üçün aktual bir mövzuya həsr edildiyini deyən deputatın sözlərinə görə, atılan addımlar ötən müddət ərzində uğurlu beynəlxalq platformaya çevrilən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin öz üzərinə düşən vəzifələrin öhədindən layiqincə gəldiyini bir daha təsdiqləyir: “Öncə onu deyim ki, Azərbaycanın ötən illər ərzində torpaqlarının işğal altında olmasına baxmayaraq atdığı uğurlu addımlar sırasında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yaradılmasını da göstərə bilərik. Bildiyiniz kimi dünyada böyük təcrübəyə malik olan Madrid Klubu var və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi də bu klub kimi dünyada söz sahibi olan, böyük beynəlxalq təşkilat, həmçinin tədbirlərində iştirak etməyə can atan dünya liderlərinin toplaşmış olduğu çox önəmli bir dialoq platformasıdır. Şübhəsiz ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qurulma məqsədi də, hədəfləri də o istiqamətə yönəlib ki, həm böyük illik forumlarla, həm də müxtəlif istiqamətli və müxtəlif ölkələrdə təşkil edilən müzakirələrlə bəşəriyyəti narahat edən ciddi məsələlər, münaqişələrin sülh yolu ilə həlli, sərhədlərin toxunulmazlığı, ümumiyyətlə dünyada qlobal mənada mövcud olan hər bir mövzu diqqət mərkəzində olsun. Onu da deyim ki, bu mərkəzin qısa zaman ərzində dünya ictimaiyyətinin gündəliyində olan təxirəsalınmaz məsələlərin müzakirə edildiyi nadir, fəal beynəlxalq platformaya çevrilməsini, təşkilatda bilik, təcrübə və müdrikliyi ilə seçilən intellektual dairələrin birləşməsini ölkəmizin, şəxsən Azərbaycan Prezidenti cənab İlham Əliyevin xarici xarici siyasət strategiyasında və beynəlxalq münasibətlər sistemində qazandığı növbəti uğurlardan biri kimi səciyyələndirmək lazımdır”.

Deputat qeyd edib ki, bu mərkəzin Bakı forumlarının hamısnın cənab Prezidnetin himayəsi altında keçirilməsi, bəşəriyyət üçün önəmli məsələlərin Bakıda müzakirə olunması, əslində Azərbaycanın dünyadakı mövcud problemlərə nəinki biganə qalmadğını, əksinə bu problemlərin həlli üçün ön sırada getdiyini bir daha təsdiqləyir: “Xatırladım ki, VIII Qlobal Bakı Forumu da dünya üçün aktuallıq kəsb edən “COVID-19-dan sonrakı dünya” mövzusuna həsr edilib”.

Millət vəkilinin sözlərinə görə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi həm idarəçiliyi, həm də keçirdiyi beynəlxalq tədbirlərdə iştirak edənlərin tərkibinə görə də dünyanın diqqət mərkəzindədir: “Bildiyimiz kimi bu tədbirlərdə fəaliyyətdə olan və keçmiş dövlət rəhbərləri, baş nazirlər, xarici işlər nazirləri, müxtəlif siyasi, iqtisadi, ictimai sahələrdə dünyada tanınmış ekspertlər, jurnlaistlər, beyin mərkəzləri rəhbərləri və din xadimlərinin iştirak və çıxış etməsi uzun müddət beynəlxalq medianın əsas müzakirə mövzusu olur. Bütün bunlar isə onu deməyə əsas verir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dünyanın nüfuzlu şəxslərinin toplaşdığı və dünya üçün önəmli, çoxşaxəli, aktual məsələlərin müzakirə olunduğu mükəmməl bir beynəlxalq klubdur. Bir daha qeyd edim ki, belə bir platformanın mövcudluğu Azərbaycan dövlətinin xarici siyasətində atılan ən uğurlu addımlardan biridir. Eyni zamanda, pandemiyaya qarşı mübarizə çərçivəsində belə bir forumun keçirilməsi heç də təsadüfi deyil. Çünki cənab Prezident başda olmaqla Azərbaycan pandemiyaya qarşı mübarizənin ilk günündən beynəlxalq səylərin birləşdirilməsi üçün davamlı addımlar atıb. Azərbaycanın beynəlxalq səviyyədə pandemiya ilə mübarizəyə töhfələri, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində yardım ayırması, 30-dan artıq ölkəyə yardım göstərməsi, Qoşulmama Hərəkatının Sədri kimi cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci il dekabrın 3-də Nyu-Yorkda BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi, Azərbaycanın vaksin ayrı-seçkiliyinə, millətçiliyinə qarşı ən fəal mübarizə aparan ölkələrdən biri olması, bu problemə son qoyulması üçün ardıcıl təşəbbüslərlə çıxış etməsi, o cümlədən 2021-ci il martın 23-də BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilməsi, ÜST-ün istifadəsində olan COVİD-19-la bağlı göstərilən tibbi xidmətlərin məlumat bazasının yaradılması təşəbbüsünü irəli sürməsi deyilənlərin əyani sübutudur”.

R.Həsən onu da deyib ki, bu forum eyni zamanda Azərbaycanda Nizmai Gəncəvi ilinin elan olunduğu 2021-ci ildə keçirilir: “Şübhəsiz ki, bu ilin ölkəmizdə Nizmai Gəncəvi ili elan olunması həm dahi şairə hörmətin nümunəsi, həm də Nizami Gəncəvinin Azərbaycan şairi olması, şairin zamanının görkəmli ziyalısı, filosofu və mütəfəkkiri olması barədə faktların bir daha dünyaya təqdim edilməsi baxımından uğurlu bir addımdır. Artıq dünyada əsas söz sahibinə çevrilmiş belə bir beynəlxalq platformanın dahi şair, mütəfəkkir və filosof Nizami Gəncəvinin adını daşıması da dahi şairimzə olan sevgi və hörmətin işarəsidir”.

“Bəlli olduğu kimi bu forum postmüharibə dövründə keçirilir. Yəni, müharibənin başa çatmasından cəmi bir il sonra. Bu isə həm bu mərkəzin öz işinə, dünyadakı proseslərə məsuliyyətlə yanaşmasına, həm də Azərbaycan dövlətinin gücünə, qüdrətinə və sabit dünya üçün davamlı səylər göstərməsinə bir nümunədir. Bir sözlə, müharibədən cəmi bir il sonra belə bir geniştərkibli beynəlxalq tədbirə ev sahibliyi etməklə Azərbaycan nəyə qadir olduğunu və hansı müqəddəs amallar uğrunda mübarizə apardığını bir daha nümayiş etdirir” -, deyə, deputat sonda əlavə edib.

Mission News Theme by Compete Themes.