Son yeniləmə: 4 Noyabr 2021 12:25
Bayraqdar.info – Noyabrın 3-də Beynəlxalq Muğam Mərkəzində “Qarabağın qara kitabı” və “Qarabağ – Qələbəyə doğru” kitablarının təqdimat mərasimi keçirilib.
Məlumat bayraqdar.info-ya noyabrın 4-də Mədəniyyət Nazirliyindən verilib.
Tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Mədəniyyət naziri Anar Kərimov qarşıdan gələn Zəfər Günü münasibətlə tədbir iştirakçılarını təbrik edib. O. Qarabağda aparılan bərpa-quruculuq işlərindən söz açıb. “Bu gün təqdim edilən nəşrlərdən əlavə Mədəniyyət Nazirliyinin digər önəmli layihəsi də “Qarabağa kitabla gedək”dir. Bununla dünyaya göstəririk ki, Qarabağa silahla yox, kitabla, mədəniyyətlə qayıdırıq. Bu kitablar vasitəsilə dünya Ermənistanın işğal dövründəki qeyri-qanuni əməllərindən, cinayətlərindən xəbərdar olacaq. Azərbaycan, ingilis və rus dillərində olan kitablar da məhz bu məqsədə xidmət edir”, – deyə nazir bildirib.
Daha sonra “İRS” jurnalının baş redaktoru Musa Mərcanlı çıxış edib. O, bildirib ki, yeni nəşrlər Mədəniyyət Nazirliyi, “Paşa Həyat Sığorta” ASC, “Azərbaycan Hava Yolları” QSC və “İRS Publishing House”un 2013-cü ildən birgə həyata keçirdiyi “İRS” silsiləsi çərçivəsində ərsəyə gəlib.
“Paşa Həyat Sığorta” ASC-nin İdarə heyətinin sədri Niyaz İsmayılov və “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Eldar Hacıyev də çıxış edərək yeni nəşrlərin ərsəyə gəlməsində əməyi keçən yaradıcı heyətə minnətdarlıqlarını ifadə ediblər.
Həmçinin, o da qeyd edilib ki, “İRS” layihəsi çərçivəsində indiyədək “Qədim qalanın yuxuları”, “Qobustan – minilliklər kitabı”, “Təbrizin sehrli nağılları”, “Naxçıvan – Şərqin əfsanəsi”, “Məftun edən şəhər”, “Bakı simfoniyası”, “Daş keşikçilər”, “Qarabağ – əsrlərin salnaməsi”, “Salam, Azərbaycan!” və “Şəki – gözəlliyin sehri” və s. kitablar işıq üzü görüb.
Çıxışlardan sonra tədbir ədəbi-bədii kompozisiya ilə davam edib. Kompozisiyada Beynəlxalq Muğam Mərkəzinin solistlərinin ifasında xalq mahnıları və təsniflər səslənib. Tədbir “Qarabağ şikəstəsi”nin sədaları ilə yekunlaşıb.