Son yeniləmə: 3 Noyabr 2021 23:18
Ermənistan Baş nazirinin komandası beynəlxalq hesabatlarda “avtoritar rejimlər” siyahısına daxil edildi
Ermənistan parlamenti Mülki Məcəllə və “Difamasiya qanunu”na yeniliklər edilməsi yönündə müzakirələri oktyabrın 5-də tamamlayıb. Bununla da təhqir və böhtan halları üzrə cərimələrin yeni maksimal həddi müəyyən edilib. Yeniliklərə əsasən, cərimələrin yuxarı həddi üç dəfə artırılıb. Təhqir üzrə cərimənin maksimal həddi 5 min 400 avro, böhtan üçün təxminən 11 min avro nəzərdə tutulub.
Ermənistan Jurnalistlər Birliyi bu “yenilikləri” pisləyən bəyanatla çıxış edib, onu “ifadə azadlığının məhdudlaşdırılması üçün quraşdırılmış tələ” kimi şərh edib.
Beynəlxalq təşkilatlar da AJU ilə həmrəylik göstərərək “yeniliklərə” qarşı çıxıblar. Avropa Jurnalistlər Federasiyasının (EFJ) bəyanatında qeyd edilir ki, dəyişikliklər demokratiyanın əsas sütunlarından biri olan söz azadlığı hüququnu ciddi şəkildə məhdudlaşdırır. Bəyanatda qeyd edilir ki, Avropa İnsan Haqları Məhkəməsi cərimələri təyin edərkən ölkədə sosial-iqtisadi durumun, insanların orta aylıq gəlirlərinin, maddi vəziyyətlərinin nəzərə alınmasını zəruri sayır. “Ermənistanda əhalinin maddi durumu indi təyin edilən cərimələrə adekvat deyil”, –deyə bəyanatda vurğulanır.
EFJ hesab edir ki, “Ermənistan media təmsilçiləri və sosial şəbəkə istifadəçiləri tərəfindən ödənilməsi imkansız olan bu cür yüksək cərimələr jurnalistləri və sosial şəbəkə istifadəçilərini qorxudub susdurmaq məqsədi güdür”.
“Yeniliklərə” qarşı etirazlar intensivləşdiyi üçün prezident Armen Sarkisyan ilkin mərhələdə onu imzalamaqdan yayınıb. Uyğunluğun araşdırılması üçün parlamentin qərarını oktyabrın 29-da Konstitusiya Məhkəməsinə göndərib.
Ermənistan Jurnalistlər Birliyinin açıqlamasına görə, difamasiya halları üzrə cərimələrin maksimal həddə çatdırılması barədə təşəbbüslər 2021-ci ilin mart ayında ortaya çıxıb: “Səbəb Facebook istifadəçilərinin kampaniya keçirərək Baş nazir Nikol Paşinyanın şəkillərinə təhqiramiz hesab edilən şərhlər yazmaları olub”. Bu və digər arqumentlər şübhə oyadır ki, cərimələrin həddinin artırılmasının zəruriliyi barədə verilən rəsmi izahatlar yalandır: “Təşəbbüs şəxsi amillərlə bağlıdır, Prezident və Baş nazirin hakimiyyətini tənqidlərdən qorumağa hesablanıb”.
Baş nazir Nikol Paşinyan şübhələri özündən yayındırmaq üçün çaşdırıcı addımlar atıb. Belə ki, parlament “yenilikləri” birinci oxunuşda qəbul edərkən cərimələrin məbləği indikindən daha yüksək, 5 dəfə artıq olub. Baş nazirin parlamentdəki tərəfdarları martın 24-də keçirilən müzakirələr zamanı dəyişikliklərin əleyhinə səs veriblər, cərimələrin 5 qat deyil, 3 dəfə artırılmasını müvafiq sayıblar. Ermənistan Jurnalistlər Birliyi isə bunu Nikol Paşinyanın növbəti “demokratiya oyunu” kimi qəbul edir: “Cərimələrin 3, yaxud 5 dəfə artırılmasının fərqi yoxdur. Hər iki rəqəm Ermənistan əhalisi üçün əlçatmazdır, jurnalistləri susdurmağa xidmət edir. İfadə azadlığına ciddi şəkildə zərər verir”, – deyə bəyanatda bildirilir. “Dəyişikliklər imkan verir ki, dövlət məmurlarına, siyasətçilərə qarşı olan obyektiv tənqidlər də təhqir və böhtan kimi tövsif edilsin, məsələ məhkəməyə yönləndirilsin və fikir müəllifi ödənilməsi mümkün olmayan dərəcədə cərimələnsin”.
Anonim mənbələrə istinad cinayət məsuliyyəti yaradacaq
“Open Caucasus Media” (OC Media) saytında dərc edilən təhlildə bildirilir ki, 2020-ci il noyabrın 9-da (10-da) üçtərəfli bəyannamənin imzalanmasından, II Qarabağ Müharibəsinin bitməsindən sonra Ermənistanda jurnalistika, söz, ifadə azadlığı qeyri-müəyyən qayda və qanunlarla sistemli şəkildə məhdudlaşdırılır. Yəni, “təhqir və böhtan” halları üzrə cərimələrin artırılması təşəbbüsü bu sahədə yeganə hal deyil. Bundan öncə ölkədə “anonim mənbələrə istinadlara görə cərimə”nin tətbiqini qanuniləşdirən təşəbbüslər ortaya çıxıb, KİV haqqında qanunun müvafiq maddələrinə dəyişikliklər edilib. Bu təklifə görə, mülkiyyət sahibi, real təsisçisi bilinməyən saytlar və ya sosial media hesablarına mənbə olaraq istinad edən KİV qurumları 500 min dram (1 min 770 manat) məbləğində cərimə olunacaqlar.
Ekspertlər hesab edir ki, mövcud təkliflər jurnalistlərin sosial mediaya istinad edib ictimai maraq doğuran xəbərləri işıqlandırmaq imkanlarına ciddi təsir göstərəcək. Dəyişikliyin qüvvəyə minməsindən sonra jurnalistlərin öz reportajlarında onlayn mənbələrdən istifadə etmələri imkansız olacaq. Bu, insanların rəqəmsal platformalar vasitəsilə çox ünsiyyət qurduqları bir dövrdə ciddi maneədir.
Təşəbbüsün müəllifi, parlamentin keçmiş vitse-spikeri Alen Simonyan təklif etdiyi dəyişikliyi dövlət təhlükəsizliyi ilə əlaqələndirmyə çalışıb. Bildirib ki, “Azərbaycan tərəfindən idarə edilən saxta profillər, sosial şəbəkə hesabları milli təhlükəsizlik üçün narahatlıq yaradır”.
Ermənistan media ekspertləri isə hesab edir ki, A.Simonyan bu açıqlama ilə hədəfi əsl məqsəddən yayındırır. ““Anonim mənbələrə istinad edilməsinə qarşı mübarizə” adı altında tətbiq edilən qaydalar əslində müharibə vaxtı hökumət təmsilçilərini haqlı olaraq tənqid edən, onların yarıtmaz fəaliyyəti əleyhinə məlumatlar dərc edən, nüfuzlu müxalifət KİV-ləri üçün istinad mənbəyinə çevrilən telegram kanallarının susdurulmasına yönəlib”, – deyilir OC Medianın hazırladığı hesabatda.
Yerevan Mətbuat Klubunun direktoru Boris Navasardyan naməlum mənbələrdən istifadəni qadağan edən qanun layihəsini tənqid edərək onu absurd ideya adlandırıb. Bildirib ki, bu halda paylaşılan məlumatların məzmununa deyil, mənbəyə diqqət yetirilir: “Elə vəziyyət yaradılır ki, hər hansı bir xəbər qurumunun paylaşdığı məlumatın həqiqiliyi deyil, onun hansı mənbədən götürülməsi müzakirəyə çıxarılır, xəbəri yayan qurum istinad etdiyi mənbəyə görə cəzalandırıla bilir. Hökumət haqlı tənqidləri susdurmaq üçün mexanizm quraşdırır”.
Hərbi mükəlləfiyyət daşıyanları tənqid etmək olmaz
Media fəaliyyətini məhdudlaşdıran digər bir dəyişiklik təşəbbüsü isə Ermənistan Baş Prokurorluğundan gəlib, “Hərbi vəziyyət dövrü” üçün nəzərdə tutulub. Təklifə əsasən, hərbi vəziyyət dövründə vəzifə səlahiyyətlərinin icrası ilə əlaqədar xidmətdə olan rəsmi şəxsə qarşı təhqir və ya böhtana yol verilməsinə, yalan məlumat yayılmasına görə cərimələr kəskin şəkildə artırılıb, 3 milyon dram (10 min 625 manat) məbləğində cərimə, yaxud 2 ilə qədər həbs cəzası nəzərdə tutulub.
Yeniliklər müharibənin ilk günündən elan olunub, hərbi vəziyyətin tətbiqindən sonra başlayıb. Hərbi vəziyyət dövründə dövlət məmurlarının, ordunun fəaliyyətini tənqid etmək jurnalistlər üçün yasaqlanıb. Ermənistan insan hüquq müdafiəsi təşkilatlarının məlumatlarına görə, hərbi vəziyyət rejiminin ləğvinədək bu “yeniliklər” 13 media qurumu və 62 nəfər fərdi xəbər istehsalçısına tətbiq edilib. Hərbi vəziyyət rejiminin qüvvədə olduğu dövrdə Ermənistan Jurnalistlər Birliyi bu dəyişikliklərə qarşı etiraz kampaniyası keçirmişdi. EJB sədri Satik Seyranyan bəyanat yayaraq faktı pisləmiş, dünya media ictimaiyyətinə müraciəti ünvanlamışdı.
Parlament qapalı məkana çevrilir
Media işçilərinin sərbəst fəaliyyətini məhdudlaşdıran əlavə bir yenilik parlamentdə akkreditasiya və təhlükəsizlik şərtlərinin dəyişdirilməsi ilə bağlıdır. Dəyişiklik parlamentdə jurnalistlərin hərəkət hüququnu məhdudlaşdırıb. Bundan sonra parlamentdə akkreditə olunmuş jurnalistlər yalnız binanın xüsusi ayrılmış yerlərində, nəzarət altında işləyə bilərlər.
Ermənistanda fəaliyyət göstərən Məlumat Azadlığı Mərkəzinin rəhbəri Şuşan Doydoyan avqust ayında bəyanat yayaraq bildirib ki, ölkə parlamentində media işçiləri üçün akkreditasiya şərtləri dəyişdirilərək qeyri-demokratik vəziyyətə salınıb. Yeni şərtlər müstəqil fikirli jurnalistlərin ölkə parlamentində fəaliyyətini imkansız edir. Ş.Doydoyan vurğulayıb ki, yeni qərar təhlükəsiszlik amilləri ilə əlaqələndirilsə də əsassız xarakter daşıyır: “Əslində Ermənistan hakimiyyəti ilə ölkə KİV-ləri arasında yaranmış indiki gərginliyin səbəbi parlamentdə 24-25 avqust tarixlərində baş vermiş insidentdir. Həmin vaxt parlamentdə olan jurnalistlər deputatların əlbəyaxa davasının görüntülərini çəkib ictimailəşdirdilər və Ermənistandakı siyasi gərginliyi dünyaya göstərmiş oldular. 24-25 avqust sessiyalarında hökumətyönlü və müxalif millət vəkilləri arasında dava düşəndə təhlükəsizlik işçiləri jurnalistləri parlamentdən çıxarmağa, onların fəliyyətinin qarşısını almağa çalışmışdılar ki, prosesləri ayrıntılı şəkildə işıqlandıra bilməsinlər. Amma bəzi jurnalistlər fürsət taparaq hadisələri canlı şəkildə qeydə almış, siyasi gündəmdəki gerçəkləri aça bilmişdilər. Bu anlaşılmazlıqdan sonra N.Paşinyan hökuməti qərara gəlib ki, jurnalistlərin parlamentdə fəaliyyətini məhdudlaşdırsın, akkreditasiya şərtlərini sərtləşdirsin, yalnız sözəbaxan, senzuranı qəbul edən jurnalistləri parlamentə buraxsınlar”.
Məlumat Azadlığı Mərkəzinin hesabatına görə, Ermənistanda 2020-21-ci illərdə media insidentlərinin sayı 2018-19-cu illərə nisbətdə daha 134 hadisə artaraq 177-yə çatıb. Jurnalistlərə qarşı 6 fiziki zorakılıq halı qeydə alınıb. Mediaya qarşı 72 məhkəmə iddiası qeydə alınıb.
Freedom House “İnternet azadlığı – 2020” hesabatında Ermənistanı “azad ölkələr” siyahısına, “Dünyada azadlıq indeksi – 2021” hesabatında “qismən azad” ölkələr siyahısına daxil etsə də, “keçid ölkələri – 2021” hesabatında Ermənistanın adını “avtoritar rejimlər” siyahısına daxil edib. Bu, son 3 ildə dünyaya “demokrat” imici ilə sırınan Ermənistan hakimiyyətinin real simasının açılması yolunda ilk addım kimi də qiymətləndirilə bilər.