Son yeniləmə: 4 Noyabr 2021 20:50
Bayraqdar.info – Noyabrın 4-də İstanbulda Beynəlxalq Türk Akademiyası Elmi Şurasının IV iclası keçirilib.
Akademiyanın yaydığı xəbərə görə, tədbirdə qurumun prezidenti Darxan Kıdırali, Azərbaycanın təhsil naziri Emin Əmrullayev, Qazaxıstanın təhsil və elm naziri Asxat Aymaqambetov, Qırğızıstanın təhsil və elm naziri Bolotbek Kupeşev, Türkiyənin milli təhsil naziri Mahmut Özer, Özbəkistan təhsil nazirinin müavini Temircon Kamilov, Türkiyə Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar və Macarıstanın İstanbuldakı baş konsulu Laszlo Keller iştirak edib.
İclası açan M.Özer Akademiyanın fəaliyyətini yüksək qiymətləndirib. Nazir bildirib ki, Beynəlxalq Türk Akademiyası yarandığı gündən türk dünyasının önəmli ortaq təşkilatlarından biri kimi beynəlxalq tərəfdaşlıqlar və həyata keçirdiyi layihələr vasitəsilə türk dünyasının zəngin elmi, mənəvi xəzinəsinin bütün dünyaya çatdırılması istiqamətində fəaliyyət göstərir. Nazir, Türkiyənin Beynəlxalq Türk Akademiyasının dil, tarix və mədəniyyət birliyinə malik türk xalqları arasında qardaşlıq əlaqələrinin daha da gücləndirilməsi istiqamətində səylərini alqışladığını, bu istiqamətdə hər cür dəstəyə hazır olduğunu bildirib.
Çıxış edən D.Kıdırali Elmi Şuranın IV iclasına yüksək səviyyədə ev sahibliyi üçün Türkiyə tərəfinə təşəkkür edib və təşkilatın fəaliyyəti, eyni zamanda görülən işlər barədə məlumat verib.
O, qeyd edib ki, pandemiyanın yaratdığı problemlərə və maliyyə çətinliklərinə baxmayaraq, keçən illə müqayisədə qurum tərəfindən həyata keçirilən tədbirlərin və layihələrin sayı iki dəfə artıb. Vurğulanıb ki, Elmi Şuranın Bakıda keçirilmiş son toplantısından bu yana Akademiya 130-dan çox tədbir və layihə həyata keçirib və ya iştirakçısı olub.
E.Əmrullayev isə çıxışında deyib ki, qlobal və regional çətinliklərin çox olmasına baxmayaraq Beynəlxalq Türk Akademiyası bu çətin zamanda üzv dövlətlər arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə töhfə verməklə yanaşı, xalqlarımız arasında sıx bağların qorunub saxlanmasına, həmrəyliyin gücləndirilməsinə səbəb olub. Təşkilat ötən müddət ərzində fəaliyyətini uğurla davam etdirib, bir sıra istiqamətlər üzrə diqqətçəkən nəticələr əldə edib.
Nazir Akademiyanın hazırladığı “Ortaq türk tarixi” dərsliyinin 2019-2020-ci tədris ilindən etibarən Azərbaycanın 151 ümumi təhsil müəssisəsində fakultativ fənn kimi 8-ci siniflərdə oxuyan 14 min şagirdə tədris olunduğunu deyib. E.Əmrullayev tarix dərsliyində olduğu kimi “Ortaq türk ədəbiyyatı” və “Türk dünyası coğrafiyası” dərsliklərinin də tez bir zamanda üzv ölkələrin tədris proqramına daxil ediləcəyinə ümid etdiyini bildirib.
A.Aymaqambetov da Akademiyanın uğurlu fəaliyyətini vurğulayıb və ölkəsinin təşkilatı yeni müstəqil bina ilə təmin etdiyini bildirib.
B.Kupeşev isə deyib ki, on ildən artıqdır Akademiya öz missiyasını layiqincə yerinə yetirir, müəllim və alimlərə xalqlarımızın tarixi, dili və mədəniyyəti sahəsində problemlərin birgə həlli üçün elmi əlaqələri inkişaf etdirməyə imkan yaradır. Nazir Türk dünyasının dahi şəxsiyyətlərinin yubileylərinin Akademiya tərəfindən ortaq tədbilərlə təşkilini yüksək qiymətləndirib.
L.Keller isə öz növbəsində türk dünyasının ortaq dəyərlərin, xüsusilə macar tarixi və mədəniyyətinin tədqiqi və təbliğindəki xidmətlərindən məmnuniyyət ifadə edib.
Çıxış edən E.Özvar isə türk dünyasında elm və təhsil sahəsində işbirliyində Akademiyanın səmərəli fəaliyyətinə diqqət çəkib və onun çoxşaxəli fəaliyyətinin dəstəklənməsinin önəmini vurğulayıb.
T.Kamilov da ölkəsinin Akademiyanın fəaliyyətini yaxından izlədiyini qeyd edib. O, Özbəkistanın elm, təhsil sahəsində əməkdaşlıdqa maraqlı olduğunu bildirib.
Qeyd edək ki, Elmi Şura üzvləri bir sıra məsələlərlə bağlı konkret qərarlar qəbul ediblər. O cümlədən, türk dünyasının önəmli şəxsiyyətlərinin yubileylərinin siyahısı, təhsil və elm sahəsində əməkdaşlığın gücləndirilməsi məsələləri, elmi-tədqiqat layihələri müzakirə edilib və prioritetlər təsdiq edilib.