Press "Enter" to skip to content

BƏƏ ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq genişlənir

Bayraqdar.info – Qarşılıqlı səfərlər, aparılan müzakirələr Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında əlaqələrin yeni istiqamətlərinin müəyyənləşdirilməsində xüsusi rol oynayır. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazirlikdən bayraqdar.info-ya noyabrın 4-də verilən məlumata görə, iqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti BƏƏ-nin Dubay şəhərində səfərdədir.

Bildirilib ki, səfər çərçivəsində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla BƏƏ-nin iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marri arasında görüş keçirilib.

M.Cabbarov səfərin BƏƏ üçün əlamətdar dövrə təsadüf etdiyini qeyd edib, BƏƏ tərəfini 3 noyabr – Bayraq Günü münasibətilə təbrik edib. Nazir ölkələrimiz arasında siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu, dövlət başçılarının siyasi iradəsinin əməkdaşlığın inkişafında mühüm rolunu vurğulayıb.

Vurğulanıb ki, Azərbaycan və BƏƏ arasında Birgə Hökumətlərarası Komissiya, BƏƏ-də Azərbaycanın Ticarət Nümayəndəliyi və Dubayda “Azərbaycan Ticarət Evi” işgüzar əlaqələrin inkişafı üçün səmərəli platformalardır. Azərbaycanın “Dubay EXPO 2020” ümumdünya sərgisində təmsil olunması da yeni biznes tərəfdaşlığına və investisiyaların cəlb edilməsinə əlverişli şərait yaradır.

Görüşdə həmçinin, Azərbaycan iqtisadiyyatı, ölkəmizin 2030-cu ilədək sosial-iqtisadi inkişafına dair Milli Prioritetləri və qarşıya qoyulan hədəflərə nail olunması istiqamətində görülən tədbirlər diqqətə çatdırılıb.

Abdulla Bin Touq Al Marri ölkəsində Azərbaycanla tərəfdaşlığa xüsusi önəm verildiyini, əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. O, ölkələrimiz arasında çoxsahəli əməkdaşlığın gücləndirilməsi üçün həyata keçirilən tədbirlərin yeni birgə layihələrin reallaşdırılmasına, iqtisadi-ticarət münasibətlərimizin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Görüşdə tərəflər iqtisadi əlaqələrin inkişafı istiqamətlərini müzakirə ediblər.

Səfər çərçivəsində Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib.

İclasda Mikayıl Cabbarov qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əməkdaşlığının beynəlxalq təşkilatlar çərçivəsində də inkişaf etdiyini, qarşılıqlı dəstəyə əsaslandığını bildirib və regional inkişafda rolunu vurğulayıb.

İqtisadiyyat naziri ticarət və investisiya əməkdaşlığının əsas istiqamətlərdən olduğunu, COVİD-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, ticarət dövriyyəsində artım dinamikasının müşahidə edildiyini diqqətə çatdırıb.

Tədbirdə ticarət əlaqələrinin şaxələndirilməsinin önəmi, Azərbaycanın qeyri-neft məhsullarının BƏƏ bazarlarına çıxarılması imkanlarının daha geniş olduğu vurğulanıb.

İclasda ölkəmizin investisiya cəlbediciliyi barədə məlumat verilib. İqtisadiyyat naziri torpaqlarımızın işğaldan azad olunmasının yeni reallıqlar və regional əməkdaşlığın inkişafı baxımından böyük imkanlar yaratdığını vurğulayıb. Vurğulanıb ki, sənaye, kənd təsərrüfatı, enerji, tranzit, turizm sahələrində böyük resurslara malik Qarabağ bölgəsində tərəfdaşlıq qarşılıqlı faydalı əməkdaşlığımıza əlavə stimul verə bilər.

Abdulla Bin Touq Al Marri ölkələrimiz arasında bir çox sahələrdə uğurlu əməkdaşlığı qeyd edib, tərəfdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bildirib. O, “Dubay EXPO 2020” sərgisinin yaratdığı imkanlar barədə də məlumat verib, Azərbaycanın sərgidə təmsil olunmasından məmnunluğunu ifadə edib.

Tədbirdə tərəflər iqtisadi-ticarət əlaqələrinin intensivləşdirilməsi perspektivlərini müzakirə ediblər.

İclasın sonunda Hökumətlərarası Komissiyanın həmsədrləri tərəfindən Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının 8-ci iclasının yekunlarına dair Protokol imzalanıb.

Komissiyanın iclası çərçivəsində həmçinin, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Dubay Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Azərbaycan nümayəndə heyəti BƏƏ-yə səfəri çərçivəsində bu ölkənin 4-cü Sənaye İnqilabı Mərkəzində olub.

Görüş çərçivəsində İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi və Dünya İqtisadi Forumunun BƏƏ-dəki Afiləedilmiş Mərkəzinə ev sahibliyi edən qurumu “Dubai Future Foundation” arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd rəqəmsal həllərin və Dördüncü Sənaye İnqilabı texnologiyalarının tətbiqi sahəsində əməkdaşlığı ehtiva edir.

Mission News Theme by Compete Themes.