Press "Enter" to skip to content

Anadolu Universitetinin Azərbaycan Proqramlarına böyük maraq

Son yeniləmə: 3 Noyabr 2021 22:02

Bayraqdar.info – “Anadolu Universitetinin Azərbaycan Proqramlarına ölkəmizdə böyük maraq var.”

Bunu Türkiyənin Anadolu Universitetinin Azərbaycan Proqramları koordinatoru Azər Hətəmov deyib.

Xatırladaq ki, noyabrın 3-də bu universitetin Azərbaycan Proqramları üzrə uzaqdan təhsil yolu ilə (açıq öğretim) təhsil alan tələbələrin 2021-2022 dərs ili açılış tədbiri keçirilib.

Universitetin Azərbaycandakı tələbələrinə texniki dəstək göstərilən binasında videokonfrans və zoom proqramları üzərindən gerçəkləşən tədbirdə Türkiyə studiyasında Universitetin rektoru, Prof. Dr. Fuat Erdal və Universitetin prorektorları, Bakı studiyasında isə Türkiyənin Azərbaycandakı səfiri, Dos. Cahit Bağcı, səfirliyin diplomatları, Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) İdarə Heyətinin sədri Cemal Yangın, İdarə Heyətinin üzvü Rafiq Qarayev, media nümayəndələri və Universitetin tələbələri iştirak ediblər.

Mərasimi giriş sözü ilə açan Azər Hətəmov bu tədbirin Azərbaycanın hər bir yerindən zoom vasitəsilə tələbələr tərəfindən izləndiyini deyib. Sıx iş qrafikinə baxmayaraq tədbirə qatıldığı üçün səfir Cahit Bağcıya təşəkkür edən A.Hətəmov daha sonra proqram çərçivəsində görülən işlər barədə qısa məlumat verib.

Sonra Anadolu Universitetinin rektoru, Prof. Dr. Fuat Erdal çıxış edib. Öncə səfiri və iştirakçıları salamlayan rektor deyib: “Eskişehirdən sizləri sevgi və sayğı ilə salamlayırıq. Azərbaycan bizim üçün çox önəmlidir. Açıq öyrətim sistemi içərisində Azərbaycan Proqramlarına çox önəm veririk. 2009-cu ildən etibarən Türkiyə ilə birlikdə Azərbaycanda da bu sistemi tətbiq edirik. Ötən müddətdə bu proqramlar çərçivəsində təhsil alan azərbaycanlı tələbələrin sayı ildən-ilə artmaqdadır. Bundan son dərəcə qürur duyuruq. Bu uğura görə Azər bəyə, ATİB başqanı C.Yanğına təşəkkür edirəm. Cənab səfirə bu müqəddəs işdə verdiyi dəstəyə görə xüsusi təşəkkür edirəm”.

Rektor həmçinin, “Bu gün Anadolu Universitetinin açıq öyrətim sistemi üzrə dünya çapında 1 milyon 200 min tələbəmiz var. Onu da deyim ki, artıq Orta Asiya şöbələrimizin sayı da artmağa başlayıb” -, deyə əlavə edib.

Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcı öz çıxışında təhsilin dünyada əhəmiyyətinə toxunub.

Səfir, həımçinin deyib ki, Anadolu Universitetinin açıq öyrətim sistemi özünü ötən müddət ərzində doğruldub: “Hazırda bu sistem çərçivəsində dünya üzrə 1 milyon 200 min tələbənin təhsil alması da bu uğurun nəticəsidir. Buna görə də Anadolu Universitetinin rəhbərliyini təbrik edirəm. Eyni zamanda, Azərbaycan Proqramlarının təşkilində mühüm rol oynayan hər kəsə təşəkkür edirəm. Onlar bu yolla təhsilə dəstək verirlər. Bu, həm də ATİB-in bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də ön sırada getdiyinə işarə edir. Mən tələbələri də təbrik edir, onlara uğurlar arzulayıram”.

ATİB İdarə Heyətinin sədri Cemal Yangın da çıxışına səfirə təşəkkür etməklə başlayıb. C.Yanğın daha sonra bildirib ki, Azərbaycanlı gənclər Anadolu Universiteti Azərbaycan Proqramları çərçivəsində 50-dən çox ixtisas üzrə ali təhsil ala bilərlər.

Sonra səfir və diplomatik korpusun təmsilçilərinə binada tələbələr üçün yaradılmış şərait haqqında məlumat verilib.

Mission News Theme by Compete Themes.