Press "Enter" to skip to content

Zəfər Yarmarkasından qürur hissilə – VİDEO/FOTO

Bayraqdar.info – 44 günlük Vətən savaşında qazandığımız Zəfər Bayramı ərəfəsindəyik. Bu möhtəşəm bayram münasibətilə Dənizkənarı Milli Parkda YAŞAT Fondu, Müdafiə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Peyntbol Federasiyasının təşkilatçılığı ilə Zəfər Yarmarkası təşkil edilib. Bayram ovqatlı Zəfər Yarmarkasının dəstəkçiləri Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (Formula-1 Azərbaycan), “ABAD” Publik Hüquqi Şəxs, “ASAN Könüllüləri”, Dövlət Reklam Agentliyi, “Azərişıq” ASC, 156 – Evakuasiya Xidməti, “NIGROUP” MMC, Bakı Strafor Kəsim Mərkəzi təşkilatlarıdır.

Oktyabrın 29-dan işə başlayan və noyabrın 9-na kimi davam edəcək yarmarka İkinci Qarabağ müharibəsinin qəhrəmanları mövzusuna həsr olunub və əldə olunacaq vəsait şəhid ailələri və qazilərə dəstək üçün “YAŞAT” Fonduna köçürüləcək.

Hərbi orkestr “Mehtər” marşını ifa edirdi

Biz də bayraqdar.info-nun əməkdaşları olaraq 44 günlük müharibədə istifadə edilmiş hərbi texnikaların sərgiləndiyi və xarıbülbül suvenirinin satıldığı bu Zəfər Yarmarkasında iştirak etmək üçün ora yollandıq.

Yarmarkanın girişində qurulan səhnədə hərbi orkestrin ifasında “Mehtər” marşı səslənirdi. Həmçinin, burada şərəfli Azərbaycan ordusunun istifdəsində olan təminat növləri (geyim, tibbi ləvazimat, ərzaq), döyüş silahları və mühəndis-texniki qurğuları çadırları, digər tərəfdə isə suvenirlər, kitablar və əl işləri satılır. Yarmarkada “Əsgərə məktub” guşəsi də fəaliyyət göstərir. Bu guşədə arzu edənlər əsgərlərə məktub yazırdılar.

Yarmarka hər gün bayram konserti ilə müşayiət olunur. Konsertdə Cəmşid Naxçıvanski adına hərbi orkestrin ifasında hərbi marşlar, vətənpərvərlik mahnıları səsləndirilir.

Parkın mərkəzində səhra mətbəxi quraşdırılıb və oturmaq üçün yerlər hazırlanıb. Arzu edənlər hərbçilərə verilən yeməklərdən də dada bilirlər.

Daha sonra isə hərbi döyüş maşınları, PDM və tankların sıra ilə düzləndiyi ərazini gəzirik.

Məşhur “İtiqovan”la şəkil çəkdirmək növbəsi

Budur, başına ən çox adamın toplaşdığı məşhur “İtiqovan” pilotsuz uçuş aparatı qarşımızdadır. Hamı onunla şəkil çəkdirir. “İtiqovan”a olan maraq və sevgi növbəyə səbəb olub. Biz isə hərbi texnikanın nümayiş olunduğu yerə istiqamətlənirik.

Buradakı hərbçilərdən döyüş texnikaları haqda bilgi alırıq

Baş leytenant Aran Sabirli: “Yarmarkada sərgilənən texnika “Maroder” və “Motodor” tipli zirehli nəqliyyat vasitələridir. Cənubi Afrika Respublikası (CAR) istehsalı olan bu avtomobillər döyüşçüləri düşmənin 7.62 mm-lik atıcı silahlarından, mərmi qəlpələrindən, tank və piyada əleyhinə olan minalardan qorumağa malikdir. Bu texnikalar 60 sm dərinliyi olan xəndəkdən və su maneələrindən rahatlıqla keçir. Üzərində 14-15 mm-lik iriçaplı pulemyotu var. Düşmənin yüngül zirehli texnikasını və hava hücumlarını dəf etmək üçün bu texnikanın əvəzi yoxdur. Pulemyot içəridən kompüter sistemi ilə idarə olunur və 360 dərəcə dönə bilir. Silahın hədəfə kilidlənməsi və gecəgömə cihazı var. Hədəfə kilidləndisə, maşın dönsə də, silah dönmür. Lazerlə hədəfi işarələyir, 2 km-ə qədər hədəfi məhv edir, 8 km-ə qədər atış məsafəsi var. 1.5 km-dən hava hədəflərini vurur. “Maroder” sürücü və komandirlə birlikdə 10 nəfər, “Motodor” isə 12 nəfər heyəti daşıyır.”

Zabitin bildirdiyinə görə, manevr imkanlarına görə “Maroder” daha üstündür. “Maroder”in 120 mm-lik minaatanları 7 km-lik məsafəyə mina atır. Zabitlərin icazəsi ilə onların fotosunu çəkib çadırlara yaxınlaşırıq.

Səhra çadırı

Səhra çadırına daxil oluruq. Yarmarka iştirakçıları çadırlara daxil olmaq üçün növbəyə düzülüblər. İçəridə zabitlərdən biri çadırda sərgilənən əşyalar haqqında bizə məlumat verir: “Bu yataq kisəsi çöldə yatmaq üçündür. Səhra plaş-çadırı, çavuş, gizir və əsgərlər üçün çantalar, (çantalarda xəritə, bloknot, qələm və d. əşyalar olur), qışlıq, yaylıq geyimlər, qar geyimləri, bel kəmərləri, dizlik və dirsəkliklər, hərbi qulluqçuların fərqlənmə nişanları, kazarma və hospital başmaqları, yay və qış çəkmələri bu çadırdadır”. Diqqətimi keçədən hazırlanmış çəkmə çəkir.

Daha sonra zabit bizə kəşfiyyat-snayper geyimləri, dəniz qüvvələrinin, xüsusi təyinatlıların formaları, zabitlərin kitel-kostyumları haqda da bilgi verir. İstiləşdirilmiş xüsusi pilot formaları ilə maraqlanırıq. Məlum olur ki, uçuş zamanı bu geyim pilotları soyuqdan qoruyur.

Tibbi təminat çadırı

Yarmarkada qurulan tibbi təminat çadırına daxil oluruq. Mayor Elmir Quliyev bayraqdar.info-ya buradakı tibbi ləvazimatlar barədə məlumat verir: “Bu çadır döyüş zamanı yaxınlıqda açılır və yaralılara ilkin tibbi yardımlar burada göstərilir. Çadırda tibbi yardım çantaları, qankəsici sarğılar, cihazlar, hava balonu, bintlər, monitor, travmalarda istifadə edilən şinlər, xəstə və yaralıları daşımaq üçün xərəklər var. Yaralını döyüş bölgəsindən çıxarıb hospitala çatdırmaq üçün birinci bu çadırlara gətirirlər. Belə çadırlarda əsasən 6 həkim olur (stomatoloq, travmatoloq, tibb bacısı, cərrah və s.), müharibə şəraitində tibbi personal gücləndirilir.

Mühəndis texniki silahlandırma vasitələri

Daxil olduğumuz digər çadırda mühəndis-tüxniki vasitələri sərgilənir. Mayor Teymur Səmədov bayraqdar.info-nun əməkdaşının suallarını ətraflı cavablandırır: “Bu vasitələr tank və piyada əleyhinə metal və plastmas korpuslu minalardır. Onların təyinatından asılı olaraq torpağa basdırılması nəzərdə tutulur. Bəzi minalar isə dağlıq ərazilərdə uzaqdan idarə olunmaqla istifadə edilir. (İdarəedici pultu göstərir). Piyada əleyhinə minalar 10 kq, tank əleyhinə olanlar isə 150 kq ağırlıqda partlayır”.

Çadırda minaaxrtaran cihazlar, minaaxtaranların çantaları, mina sahələrinin cığır keçidlərini açan vasitələr, keçid işarələri, minalanmış əraziləri göstərən və qoşunların hərəkət istiqamətini bidlirən ləvazimatlarla tanış oluruq. İstehkamlarda istifadə edilən və gündəlik fəaliyyətin yerinə yetirilməsi üçün ləvazimatlar (bellər və digər ləvazimatlar) sərgilənir. Çadırın girişindəki minaaxtaran geyimi diqqətimizi cəlb edir. Geyim xüsusi qoruyucu ilə örtülüb. Partlayış zamanı şəxsi heyəti qəlpələrdən qoruyur. Tikanlı məftil maneələri isə düşmənin gəlmə ehtimalı olan sahədə qurulur. Piyada əleyhinə olan mina sistemləri ilə tanış oluruq.

Snayper tüfəngləri, avtomatlar, minaatanlar, hərbi binokllar…

Yarmarkada müxtəlif çaplı snayper tüfəngləri, atıcı silahlar, avtomatlar, gecəgörmə cihazları, hərbi binokllar, qoruyucu jiletlər, minaatanlar və digər döyüş silahları sərgilənir. Onu da qeyd edək ki, hərbi çadırdakı bu silahlar gənclərin böyük marağına səbəb olur.

Əsgər yeməkxanası, hərbçilərin ərzaq təminatı çadırlarında isə gündəlik qida rasionuna daxil olan qidalar, konservlər, su və yemək qabları nümayiş olunur.

Yarmarkanın digər tərəfində kitabların, xarıbülbülün, üzərində müxtəlif dövlət xadimlərinin şəkilləri əks olunmuş açarlıqların, müxtəlif əl işləri və suvenirlərin satıldığı köşklər fəaliyyət göstərir.

Ərazidə “Qarabağ Azərbaycandır!”, “Dəmir Yumruq!” və “Zəfər Yarmarkası” lövhələri quraşdırılıb. Həmçinin, noyabrın 2-də yarmarkada “Zəfər ağacı” da qurulub. Bu ağac Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr edilib.

Zəfər bayramı günlərinə qədər müxtəlif maraq kəsb edən görüntülərlə davam edən Zəfər yarmarkasında 8-9 noyabrda məşhurların iştirakı ilə konsert proqramı da keçiriləcək.

Mission News Theme by Compete Themes.