Son yeniləmə: 3 Noyabr 2021 17:27
Bayraqdar.info – “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir. Sayca 25-ci “Açıq mikrofon” aksiyası Xaçmaz rayonunun Maqsudkənd kəndində baş tutub.
Bu barədə bayraqdar.info-ya noyabrın 3-də “Azəriqaz” İB -dan bildirilib.
“Bu kənddən daxil olan müraciətlər əsasında səyyar qəbul otağı bu kəndin sakinlərinin ixtiyarında olub. 200-dək fərdi yaşayış evi olan kəndin sakinləri “Açıq mikrofon” aksiyasının imkanlarından istifadə edərək təbii qaz olmaması səbəbindən üzləşdikləri çətinliklərdən söz açıblar. Kənd sakinləri mavi yanacaqdan istifadənin hər zaman lazım olduğunu, əsasən qarşıdan gələn qış aylarında isə daha vacib olduğunu bildiriblər. Aksiyanın imkanlarından istifadə etmək üçün vətəndaşlar qonşu Nərəcan kəndindən də bu ünvana üz tutublar.
“Sözügedən kəndin qazlaşdırılması tamamlansa da, sonradan salınan yeni yaşayış massivlərində, habelə, genişlənən ərazilərdə yaşayan vətəndaşlar mavi yanacaqdan istifadə edə bilmədiklərini, yeni massivlərin təbii qazla təmin olunmasını Birliyin rəhbərliyindən xahiş ediblər. Daxil olan bütün müraciətlər qeydə alınıb”, – deyə xəbərdə bildirilir.
İB-dan qeyd edilib ki, 25 aksiyanın 6-ı tərəvəz stehsalı və quruculuq təsərrüfatı ilə məşğul olan sahibkarlarla, digər 19-u isə ayrı-ayrı ərazilərdə vətəndaşlarla təşkil olunub.
Növbəti 26-cı “Açıq mirofon” Gədəbəy rayonu, Dərəqumlu massivində qurulacaq.
“Noyabrın 4-də saat 11:00-dan 13:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək. Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər”, – deyə “Azəriqaz”dan bildirilib.