Bayraqdar.info – Noyabrın 2-də H.Əliyev Sarayında “Qarabağ Azərbaycandır!” adlı konsertlə Zəfər notlarına köklənmiş proqramın açılışı keçirilib.
Məlumat bayraqdar.info-ya noyabrın 3-də Mədəniyyət Nazirliyindən verilib.
Konsert Mədəniyyət Nazirliyi, H.Əliyev Fondu, Bəstəkarlar İttifaqı, H.Əliyev Sarayı və Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Anar Kərimov, müdafiə sənayesi naziri Mədət Quliyev, digər dövlət qurumlarının rəhbərləri, tanınmış elm, mədəniyyət xadimləri, Vətən müharibəsi qaziləri, musiqisevərlər iştirak edib.
Öncə ərazi bütövlüyü uğrunda canlarından keçmiş igid Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Mədəniyyət naziri A.Kərimovun və Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarovanın çıxışlarından sonra konsert proqramı təqdim edilib. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor Xalq artisti Fəxrəddin Kərimov), Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər Xalq artisti Gülbacı İmanova) və Azərbaycan Milli Konservatoriyası Tələbə xorunun (bədii rəhbər Leyla Zalıyeva) ifasında Cəlal Abbasovun xor və simfonik orkestr üçün “Şanlı Azərbaycan” (söz: M.Şəhriyar) əsəri səsləndirilib.
“Simfonik orkestrin ifasında səslənən Azər Dadaşovun “Zəfər çələngi”, Mobil Babayevin “Şanlı Qələbə”, Elnarə Dadaşovanın “Vətən sağ olsun” (solist Əməkdar artist Ramil Qasımov), Tural Məmmədlinin “Zəfər müjdəsi” (solist Xalq artisti Samir Cəfərov), Firəngiz Əlizadənin “Zəfər marşı”, Sərdar Fərəcovun “Azad Şuşa”, Aygün Səmədzadənin “Ey türk!” (söz: Əhməd Cavad, solist Xalq artisti Teyyub Aslan), Vüqar Məmmədzadənin “Dəmir yumruq” və digər bəstəkarların əsərləri alqışlarla qarşılanıb.
“Zəfər ruhlu musiqi layihələri paytaxtın müxtəlif teatr-konsert müəssisələrində noyabrın 10-dək davam edəcək”, – deyə məlumatda qeyd edilir.