Son yeniləmə: 3 Noyabr 2021 17:40
Bayraqdar.info – Aqrar Tədqiqatlar Mərkəzi (ATM) mütəmadi olaraq fermerlər arasında sorğular keçirərək onların ehtiyaclarının müəyyən edilməsi məqsədilə məlumatlar toplayıır. Bu sorğular hər il orta hesabla 8-12 min fermeri və bazar iştirakçısını əhatə edir.
Bu sorğuların keçirilməsi və məlumatların toplanması prosesinin təkmilləşdirilməsi məqsədilə ATM-də CATI (Kompüter Telefon Sorğuları – Computer-Assisted Telephone Interviewing) və CAPI (Planşet Sistemli Sorğu – Computer-Assisted Personal Interviewing) sistemlərinin tətbiqinə başlanılıb.
Bu xəbər bayraqdar.info-ya Kənd Təsərrüfatı Nazirliyindən verilib.
“CATI sistemi qruplaşdırılmış nömrə bazası üzərindən telefon vasitəsilə sorğu keçirib anketlərin toplanmasına imkan verir. Bu da məlumatların toplanması, emalı və analizi prosesinin daha da çevik və keyfiyyətli həyata keçirilməsinə, vaxta və resurslara qənaət edilməsinə şərait yaradır. Həmçinin sistem sorğuların başlama və bitmə müddətinin avtomatik olaraq serverə köçürülməsi, səslərin yazılması, sorğuların internet tələb olunmadan keçirilməsi, keçirilmiş sorğuların günün sonunda toplu halda internet vasitəsilə serverə göndərilməsi kimi texniki parametrlərə malikdir.
“CAPI sistemi planşetlər vasitəsilə toplanan məlumatların kompüterlə işlənməsi texnikasıdır. Sistem anketlərdən toplanan məlumatların planşetdə istifadə edilə bilən bir proqramın köməyi ilə şifrəli daxil olmasını təmin edir. Bu metod da emal prosesini asanlaşdırmanı və vaxta qənaəti ehtiva edir. Habelə, CAPI sistemi CATI-dən fərqli olaraq GPS modulu vasitəsilə sorğu keçirilən məntəqələrin izlənməsinə imkan verir.
“Yeri gəlmişkən, hazırda “Fermerlərin resurslarla təminatı və bazara çıxışı problemləri” üzrə hər il keçirilən sorğuya başlanılıb. Sorğu çərçivəsində fermerlərin toxum, gübrə, pestisid, aqrotexniki xidmət, baytarlıq və bitki mühafizəsi xidmətləri ilə təminatı (resursun mövcudluğu, qiyməti və keyfiyyəti) məsələləri araşdırılır. Suvarma suyu və örüş-otlaq sahələri ilə təminatdakı vəziyyət, habelə bazara çıxışla (nəqliyyatla təminat, yolların keyfiyyəti, məhsulun satış qiymətləri, satış yerləri və s.) bağlı məsələlər birbaşa fermerlərdən öyrənilir. Bu sorğu hər il keçirildiyindən qeyd edilən məsələlərlə bağlı dinamikanı müşahidə etmək mümkün olur, başqa sözlə, irəliləyişlərin səviyyəsi və problemlərin miqyası sistemli şəkildə müəyyən olunur.” Xəbərdə qeyd edilir.