Press "Enter" to skip to content

Emin Həsənli: Bütün dünya bir daha əmin oldu ki…

Emin Həsənli

Bayraqdar.info – “Zəfər Gününün Azərbaycan tarixində çox böyük yeri var. Bu vaxta kimi Azərbaycan tarixində çox önəmli hadisələr olub. Amma mən deyərdim ki, Zəfər Günü, Zəfər bayramı bütün bu hadisələrin fövqündə dayanır. Çünki bu, Azərbaycan xalqının nə qədər döyüşkən, qəhrəman, vətənpərvər, torpağa, azadlığa bağlı xalq olduğunu bir daha bütün dünyaya göstərdi. Ən əsası isə Zəfər günü bizm 30 illik torpaq həsrətimizə son qoydu”.

Bunu bayraqdar.info-ya özəl açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsini dəyərləndirən müsahibimiz daha sonra bildirib: “Bütün dünya bir daha əmin oldu ki, Azərbaycan öz azadlığını, müstəqilliyini, milli maraqlarını, ərazi bütövlüyünü, torpaqlarını heç vaxt güzəştə getməyəcək. Bu yolda 7-dən 77-yə bütün azərbaycanlılar lazım gələndə qanından, canından keçməyi bacarırlar”.

Emin Həsənli deyib ki, Zəfər Gününə aparan 44 günlük Vətən müharibəsinin hər günü öz əhəmiyyətinə görə bir tarix oldu: “Bu günlər Azərbaycan xalqı, Azərbaycan gəncliyi öz himninə sadiq qalaraq, Azərbaycan üçün can verməyə, qan tökməyə hazır olduğunu bəyan və nümayiş etdirdi. Bir sözlə, Azərbaycanın üçrəngli bayrağı ilə daim məsud yaşaması üçün cənab Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan xalqı, Azərbaycan Ordusu dəmir yumruq kimi birləşib, düşmənin belini qırdı. Mən Vətən müharibəsində şəhid olanlara Allahdan rəhmət, qazilərimizə isə can sağlığı diləyirəm”.

Müsahibimiz qeyd edib ki, “Dəmir yumuruq” əməliyyatı Azərbaycan əsgərinin nə qədər peşəkar, nə qədər qəhrəman olduğunu bütün dünyaya göstərdi: “Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarix yazdı. Ordumuzun tətbiq etdiyi döyüş taktikası hazırda dünyanın aparıcı hərbi mərkəzləri tərəfindən öyrənilir və təhlil edilir. Təbii ki, bunun da arxasında Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və ötən 18 il ərzində cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu daxili və xarici siyasət, iqtisadi inkişafa hesablamış dövlət proqramları və genişmiqyaslı ordu quruculuğu dayanır”.

E.Həsənlinin sözlərinə görə, bu müharibə, eyni zamanda bizə dostumuzun və düşmənimizin kim olduğunu da göstərdi: “Atalarımızın “dost dar gündə tanınır” kəlamı bu 44 gün ərzində bir daha öz təsdiqini tapdı. Qardaş Türkiyə hər zaman olduğu kimi, bu dəfə də yanımızda oldu, səsimizə səs verdi, haqq davamızı müdafiə etdi. Əslində, bu qardaşlığın tarixi dərinliklərə gedir. Bu iki qardaş ölkə hər zaman dar gündə bir-birinə dəstək verib, xoş gündə birgə seviniblər. Bu müharibədə də başda Cümhurbaşqanı Recep Tayyib Erdoğan olmaqla Türkiyə xalqı və dövləti yanımızda oldu, öz mənəvi və siyasi dəstəyini sona qədər göstərdi. Heç də təsadüfi deyil ki, Azərbaycanın hər yerində Türkiyə və Azərbaycan bayraqları qoşa dalğalanır. Təbii ki, bu müharibədə bizim yanımızda, daha doğrusu haqqın yanında olan digər ölkələri də Azərbaycan xalqı unutmur və heç zaman unutmayacaq. Bu müharibədən sonra imzalanan Şuşa bəyannaməsi isə Azərbaycan-Türkiyə qardaşlığının zirvə nöqtəsidir və bütün dünya bu qardaşlığın sonsuza qədər davam edəcəyinə bir daha əmin oldu”

Mission News Theme by Compete Themes.