Press "Enter" to skip to content

Amnistiya cəmiyyətimizdə insanların həmrəyliyinə təsir edəcək

Son yeniləmə: 3 Noyabr 2021 21:21

Bayraqdar.info – Prezident İlham Əliyevin imzası ilə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsi Milli Məclisə daxil olub. Məlumata görə, qərar layihəsinin parlamentin 5 noyabr 2021-ci ildə keçiriləcək iclasında müzakirəyə çıxarılması gözlənilir.

Parlamentdən verilən məlumatda qeyd edilir ki, Amnistiya Aktı 15 minədək məhbusu əhatə edəcək. Layihədə o da qeyd olunub ki, aidiyyəti orqanlar qərar qüvvəyə mindiyi gündən 4 ay müddətində amnistiyanın tətbiqini təmin etməlidir. Amnistiya Aktı Birinci və İkinci Qarabag müharibəsində iştirak etmiş şəxslərə, habelə bu müharibədə və döyüş əməliyyatlarında, Xocalı qətliamında həlak olmuş və itkin düşmüş şəxslərin yaxın qohumlarına da şamil olunacaq.

AZƏRTAC Azərbaycan Respublikası Milli Məclisinə təqdim olunmuş Amnistiya Aktı ilə bağlı Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyevin fikirlərini öyrənib. Umud Mirzəyev açıqlamasında qeyd edib ki, bu Amnistiya Aktı layihəsi Böyük Qələbəmizin ildönümü münasibəti ilə hazırlanmış fövqəladə əhəmiyyətə malik bir sənəddir: “Vətən müharibəsinin ildönümü ərəfəsində belə bir layihənin hazırlanacağı gözlənilən idi. Çünki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev əvvəlki illərdə də mütəmadi olaraq humanizm prinsiplərindən cıxış edib və məhbusların əfvi ilə bağlı qərarlar qəbul edib. 2016-cı ildən sonra isə ilk dəfədir ki, özünün miqyasına, şamil ediləcək insanlara və əhatə dairəsinə görə əvvəlkilərdən ciddi şəkildə fərqlənən belə bir Amnistiya Aktı layihəsi hazırlanıb. Bu Amnistiya Aktının digər şəxslərlə yanaşı, Vətən müharibəsində iştirak etmiş şəxslərə, şəhid və qazi olan əsgərlərimizin yaxınlarına da şamil edilməsi isə hamımızı sevindirir”.

BAMF prezidenti bildirib ki, Vətən müharibəsində xidməti olan insanlar bu gün cəmiyyətimizdə hər cür sayğıya, diqqətə layiqdir: “Cənab Prezident hər kəsə nümunə olaraq həm sərəncamlarında, həm də qərarlarında cəmiyyətə mesaj verir ki, bu qələbəni bizə bəxş etmiş insanlara münasibətdə necə davranmaq, onlara necə diqqət ayırmaq lazımdır. Müharibə veteranları, qazilərlə bağlı son dövrlər təxminən 40-a yaxın müxtəlif sosial yönümlü qərar və qanun qəbul olunub, fərmanlar imzalanıb. Hesab edirəm ki, sözügedən Amnistiya Aktı bu istiqamətdə atılan ən böyük addımlardan biridir. Biz bunu çox yüksək qiymətləndiririk. Bu həm də cəmiyyətimizdə insanların həmrəyliyinə təsir edəcək addımdır. Bu müharibə həm də göstərdi ki, hər bir Azərbaycan vətəndaşı heç nəyə məhəl qoymadan, bir nəfər kimi silaha sarılaraq vətənin müdafiəsinə qalxmağa hazırdır. Cənab Prezidentin Milli Məclisə göndərdiyi Amnistiya Aktı da cəmiyyəti, insanlarımızı daha da sıx birləşdirməyə xidmət edir. Bu addım həm də insanlarımızın sosial rifahının yaxşılaşdırılmasına yönəlib. Bu gün elə ailələr var ki, onların ailə başçısı, ailə üzvü hansısa səhv, yanlışlıq səbəbindən həbsdədir. Şəhid, qazi ailələri arasında da belələri var. Hesab edirəm ki, Amnistiya Aktının qəbul edilməsi həmin insanların problemlərinin çözülməsi baxımından çox ciddi və əhəmiyyətli bir hadisədir. Cunki belə bir qanunun qəbul edilməsiylə minlərlə ailənin evlərinə işıq düşəcək, bağlı qapılar açılacaq. Bu cür atılan addımlar isə ancaq alqışa layiqdir”.

Mission News Theme by Compete Themes.