Bayraqdar.info – İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlarla qarşılıqlı əməkdaşlığı və görüşləri davam etdirir. Bu cür görüşlər vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinliklər və təkliflərinin öyrənilməsi məqsədilə təşkil edilir.
Bu barədə bayraqdar.info-ya noyabrın 2-də Dövlət Vergi Xidmətindən məlumat verilib.
Bildirilib ki, növbəti belə görüş Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsi, Tədris Mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və 20-yə yaxın aparıcı klinikanın nümayəndələrinin iştirakı ilə onlayn formatda keçirilib.
Görüşdə klinikaların xərclərinin, o cümlədən icarəyə götürülmüş bina üzrə təmir xərclərinin gəlirdən çıxılması, səhiyyə turizminin inkişaf etdirilməsi məqsədiləxarici ölkə vətəndaşlarına göstərilən tibbi xidmətlərin ƏDV-yə sıfır faiz dərəcəsi ilə cəlb olunması və s. məsələlərlə bağlı təkliflər ətrafında geniş müzakirələr aparılıb. Həmçinin klinikaların nümayəndələri tərəfindən sahənin inkişafına müsbət təsir edə biləcək bir sıra digər məsələlərla bağlı səsləndirilən təkliflər müzakirə edilib. Sahibkarlıq subyektləri ilə sahəvi çətinliklərin öyrənilməsi istiqamətində görüşlərin və belə dialoq platformasının məhz Dövlət Vergi Xidmətinin mərkəzi aparatında yaradılması bütün klinikaların nümayəndələri tərəfindən yüksək qiymətləndirilib.
Görüşdə çıxış edən DVX-nin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov bildirib ki, iştirakçıların təklifləri nəzərə alınaraq sahənin inkişafı, o cümlədən vergitutma mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı müzakirələrin aparılması və birgə əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə aparıcı klinikaların və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə növbəti görüşlər təşkil olunacaq.