Son yeniləmə: 2 Noyabr 2021 14:59
Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin peşə hazırlığı mərkəzlərinin əməkdaşları üçün təlim keçirilib. Təlimlər Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ) tərəfindən maliyyələşdirilən “Cənubi Qafqazda özəl sektorun İnkişafı və peşə təhsili və təlimi regional proqramı” çərçivəsində baş tutub.
Bu barədə bayraqdar.info-ya noyabrın 2-də Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.
Bildirilib ki, təlimdə Bakı, Göyçay və Gəncə Peşə Hazırlığı Mərkəzlərinin əməkdaşlarına Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (giz) tərəfindən “soyutma anbarlarında soyutma sistemləri üzrə operator”, “intensiv suvarma sistemlərinin planlaşdırılması və quraşdırılması üzrə texnik”, “intensiv tərəvəzçilik”, “anbardar” və “aşpaz (Azərbaycan mətbəxi)” peşələri üzrə hazırlanmış təlim materialları təqdim edilib. Həmçinin, həmin materialların peşə hazırlığında tətbiqi izah edilib.
Təlim modullar şəklində həyata keçirilib və iştirakçıların interaktiv şəkildə təcrübə mübadiləsi aparmaları təmin olunub.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.