Press "Enter" to skip to content

Ramil Həsən: Bu Zəfər 30 illik həsrətimizə son qoydu

Ramil Həsən

Bayraqdar.info – “Artıq bir neçə gündən sonra cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı 8 noyabr – Zəfər Gününün birinci ildönümünü qeyd edəcək. Bu Zəfər 30 illik həsrətimizə son qoydu. Bu Zəfər tariximizin utanc səhifəsi olan işğala birdəfəlik son qoydu. Bu Zəfər bizi məğlub xalqan qalib xalqa çevirdi. Bizim məğrur xalq, millət kimi güclü və cəsur olduğumuzu, torpaqlarımız, Vətənimiz üçün bir yumruq kimi birləşərək, canımızdan belə keçməyə hazır olduğumuzu bütün dünyaya nümayiş etdirdi. Bu Zəfər 200 ildən artıq dövr ərzində ilk dəfə öz torpağını savaş yolu ilə, beynəlxalq hüquq çərçivəsində işğaldan azad edən bir dövlət imicini və tarixə düşmək şansını bizə nəsib etdi”.

Bunu bayraqdar.info-ya özəl açıqlamasında Milli Məclisin deputatı Ramil Həsən deyib.

8 noyabr – Zəfər Gününü dəyərləndirən müsahibimiz bildirib ki, bu Zəfər cənab Ali Baş Komandan İlham Əliyevin güclü və qətiyyətli sərkərdəliyini, yüksək iradəsini, uzaqgörən lider xüsusiyyətini, həmçinin, dövlətinə və xalqına olan bağlılığını dünyaya nümayiş etdirdi: “Bu Zəfərə görə biz cənab Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusuna, öz canı, qanı bahasına torpaqlarımızı işğaldan azad edən şəhidlərimizə və qazilərimizə borcluyuq. Bu, tariximizə qızıl hərflərlə yazılan qalibiyyət, Zəfər Günümüzün birinci ildönümünü qürur hissi ilə qarşılayır və “Zəfərimiz mübarək olsun!” deyirik. Eşq olsun cənab Ali Baş Komandana! Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”.

Millət vəkili deyib ki, 44 günlük Vətən müharibəsi eyni zamanda, Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu növbəti dəfə təsdiqlədi: “Azərbaycan – Türkiyə qardaşlığının tarixi kökləri var. 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun Bakını daşnak-bolşevik işğalından azad etməsi, həmçinin Çanaqqalada Azərbaycan əsgərlərinin qəhrəmanlıqla savaşması şübhəsiz ki, bu qardaşlığı XX əsrin əvvəllərində daha da gücləndirmişdi. Böyük Atatürkün qeyd etdiyi kimi bu iki dövlətin sevinci də, kədəri də birdir. Ümummilli Lider Heydər Əliyevin qeyd etdiyi kimi biz bir millət iki dövlətik. Onu da deyim ki, 44 günlük Vətən savaşı, eyni zamanda Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz olduğunu bir daha təsdiqlədi. Müharibənin ilk saatlarından sonuna qədər qardaş Türkiyənin Azərbaycana verdiyi mənəvi-siyasi dəstək bizi daha da ruhlandırdı”.

Millət vəkili bildirib ki, Vətən savaşı günlərində bu qardaşlığı təkcə dövlətlərimiz deyil, xalqlarımız da nümayiş etdirdi: “Bu ilin iyununda imzalanan Şuşa bəyannaməsi isə qardaşlığımızın zirvə nöqtəsidir. Təbii ki, bu uğur, münasibətlərimizin, əməkdaşlığımızın bu cür inkişafı Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Türkiyə Cümhurbaşqanı cənab Recep Tayyip Erdoğana, onların liderlik keyfiyyətlərinə, qardaşlıq münasibətlərinə söykənir”.

R.Həsən əlavə edib ki, qardaş Türkiyə postmüharibə dövründə işğaldan azad edilmiş ərazilərin quruculuq-bərpa işlərində də daim yanımızdadır: “Bu yaxınlarda Füzuli beynəlxalq hava limanının açılışında şəxsən cənab Recep Tayyip Erdoganın iştirakı, həmin səfər zamanı səslənən mesajlar isə bu qardaşlığın davam edərək, bölgəyə də əbədi sülh və inkişaf gətirəcəyini bir daha təsdiqlədi. Bir sözlə, həm Türk Keneşi, həm də ikitərəfli əlaqələr çərçivəsində əməkdaşlığımızın keçən hər gün daha da genişlənməsi və dərinləşməsi məmnunluq doğurur. Bu gün iki qardaş ölkə arasındakı hərbi əməkdaşlıq isə regionun gələcəkdə sabit və təhlükəsiz inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Əminəm ki, iki xalqın tarixi bağlarından, həmçinin hazırda iki liderin qardaşlığından və qətiyyətindən güc alan Azərbaycan-Türkiyə münasibətləri ötən hər gün ərzində daha da inkişaf edəcək. Bundan sonra da bu iki qardaş xalq və dövlət dünyaya nümunə olacaqlar”.

Mission News Theme by Compete Themes.