Press "Enter" to skip to content

Maskadan istifadəyə nəzarət gücləndirilib

Son yeniləmə: 2 Noyabr 2021 17:43

Bayraqdar.info – İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sahibkarlıq subyektlərində sanitar-gigiyena və karantin rejiminin tələblərinə əməl olunması istiqamətində monitorinqləri davam etdirir. Monitorinqlər zamanı satıcıların və istehlakçıların qoruyucu maskadan istifadə etməsi və sosial məsafənin gözlənilməsi, sahibkarlıq subyektləri və onların vəzifəli şəxsləri tərəfindən işçilərin tibbi maska ilə təmin olunmasıilə bağlı qoyulan tələblərə əməl edilməsi vəziyyəti yoxlanılır.

Bu barədə bayraqdar.info-ya noyabrın 2-də Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu günədək 10 min 480 ticarət obyektində monitorinqlər aparılıb və 1 min 404 halda pozuntulara yol verildiyi aşkar edilib. Monitorinqlər zamanı 351 nəfərin obyektlərə qoruyucu maskasız daxil olduğu, 1 min 53 halda isə ticarət obyektlərinin işçilərinin maskadan istifadə etmədiyi müəyyənləşdirilib.

Vurğulanıb ki, mövcud tələblərə əməl edilməməsi halları inzibati xəta kimi qiymətləndirilərək, İnzibati Xətalar Məcəlləsinə əsasən, qaydaları pozan sahibkarlıq subyektlərinə cərimələr tətbiq olunub.

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən, karantin dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə – vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər isə 600 manat məbləğində cərimə edilir. Bir il ərzində bu pozuntunun təkrar yol verilməsinə görə vəzifəli şəxslər 600 manat məbləğində, hüquqi şəxslər isə 1200 manat məbləğində cərimə edilir.

Dövlət Vergi Xidməti bir daha sahibkarların nəzərinə çatdırır ki, karantin qaydalarına tam əməl edilməlidir. Yəni, işçilər qoruyucu maska ilə təmin olunmalı, vətəndaşların ticarət obyektlərinə maskasız daxil olmasına yol verilməməli, maskası olmayan şəxslərə girişdə maska təqdim edilməlidir.

Sahibkarlıq subyektləri həmçinin təsərrüfat obyektlərinin ərazisindəki müştərilər arasında sosial məsafənin qorunmasına, o cümlədən kassaların qarşısındakı insanlar arasında 1,5-2 metrlik ara məsafəsinə əməl olunmasına ciddi nəzarət etməlidirlər.

Ticarət obyektlərində monitorinqlər mütəmadi qaydada davam etdiriləcək.

Mission News Theme by Compete Themes.