Press "Enter" to skip to content

Güneydən Quzeyə Zəfər Günü təbriki

Bayraqdar.info – Güney Azərbaycan Qurumlarının Əməkdaşlıq Qurulu Şuşa şəhərinin Ermənistanın işğalından azad edilməsinin birinci ildönümü, o cümlədən 8 noyabr – Zəfər Günü münasibəti ilə ortaq açıqlama yayıb.

ArazNews-un yaydığı məlumata görə, ortaq açıqlama Azadlıq Cəbhəsi (GAMAC), Azərbaycan Mərkəz Partiyası (AMP), Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş), Azərbaycan Öyənci Hərəkatı (AZOH), Güney Azərbaycan Demokrat Partiyası (GADP), Güney Azərbaycan İstiqlal Partiyası (GAİP), Güney Azərbaycan Liberal Demokrat Partiyası (GALDP), Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) və Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) tərəfindən imzalanıb.

Açıqlamada bildirilir ki, 2020-ci il noyabrın 8-də tarixə düşən böyük bir zəfər xəbəri dünya mediasında yer aldı. “Azərbaycanın Şuşa şəhəri Ermənistan işğalından azad olundu!” Bu, eyni zamanda İkinci Qarabağ savaşında Vətənimiz Azərbaycanın Ermənistana və onun havadarlarına qarşı əzici bir milli zəfərinin xəbərçisi oldu: “44 günlük Vətən Savaşında Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı kimi böyük mərkəzlər ilə birlikdə 300-dən çox yaşayış məskəni düşmənin işğalından azad oldu. Qəhrəman Azərbaycan ordusunun Zəfəri Şuşa zirvəsinə çatarkən Güney Qafqazın geopolitik durumu da dəyişdi”.

O da vurğulanır ki, Şuşanın işğaldan qurtuluşu ilə Azərbaycan türk milləti və dövləti 200 illik milli zəfər həsrətinə son qoydu: “Dünyanın bir çox böyük mərkəzlərində yüz minlərlə soydaşımız əllərində dövlət bayrağı, dillərində isə dövlət himni meydanlara çıxdı. Bu, 50 milyonluq Azərbaycan türk millətinin diaspora gücünü daha da artırdı”.

Açıqlamada bildirilir ki, Türkiyənin bu prosesdə qardaşlıq nümunəsi göstərməsi, 44 günlük Vətən Savaşı müddətində türk varlığının necə dərin soyköklü olduğunu bir daha nümayiş etdirdi: “Şuşanın işğaldan azad olunması 300 milyonluq türk dünyasını da sevincə qərq etdi”.

Açıqlamada İran rejiminin məsələyə yanaşmasına da toxunulub: “Azərbaycanın Zəfərini qəbul etmək istəməyən Tehran rejiminin isə bütün imkanlarını Ermənistanın məğlub olmaması üçün səfərbər etməsi bu rejimin çirkin antitürk siyasətini aşkara çıxardı. Rejim, öncə silah-sursat dolu yük maşınları ilə, sonra isə Azərbaycan Respublikasının sərhədlərinə qoşun toplamaqla Azərbaycana qarşı düşmənçiliyini dünyaya göstərdi”.

Qeyd edilir ki, “İran rejiminin yanaşmasının əksinə olaraq, həmin vaxt Azərbaycanın Güneyində tam bir milli zəfər küləyi əsirdi. “Biz Azərbaycan tərəfində deyilik, Biz Azərbaycanın özüyük! Ya Qarabağ, ya ölüm! Qarabağ bizimdir, bizim olacaq!”… kimi səslənən və yazılan şüarlar farsçı mollalar, habelə irançı müxaliflər üçün ölümcül zərbə oldu. Azərbaycan Milli Hərəkatı, Quzey Vətəni üçün yüzlərcə tutuqlu verərək ”bir Vətən, bir Azərbaycan” varlığını ortaya qoydu”.

Açıqlamada Şuşa zəfərinin, Qarabağın işğaldan azad olunmasının yaratdığı geosiyasi reallıqlardan da bəhs edilir. Bildirilir ki, artıq, İran irticası Azərbaycanda at oynada bilməyəcək: “Türkiyə, Azərbaycan və Güney Azərbaycan faktoru Tehran rejiminın hər gün zəifləməsinə yol açacaqdır. Türk faktoru bütün bölgənin geopolitikasına təsir edəcək. Zəngəzur dəhlizinin açılması ilə türk dünyasının bir-birinə bağlılğı daha da güclənəcək və bölgənin yenidən qurmasına səbəb olacaqdır”.

Açıqlamada 8 noyabr – Zəfər Gününün Güney Azərbaycanda da qeyd edilməsi üçün xalqın səfərbər olduğu bildirilir.

Açıqlama “Biz Güney Azərbaycan Qurumlarının Əməkdaşlıq Qurulu olaraq mədəniyyət paytaxtımız Şuşanın azad olması münasibəti ilə başda Ali Baş Komandan cənab İlham Əliyev olmaqla böyük türk millətini və Azərbaycan xalqını təbrik edir, şəhidlərimizin ulu ruhları qarşısında baş əyirik.

Yaşasın (Quzey) Azərbaycan Cümhuriyyəti!

Yaşasın (Güney) Azərbaycan Milli Hərəkatı!” sözləri ilə tamamlanır.

Mission News Theme by Compete Themes.