Press "Enter" to skip to content

Qəzvinli milli fəal İran rejiminin hədəfində

Son yeniləmə: 1 Noyabr 2021 23:31

Bayraqdar.info – İranın mövcud rejimi tərəfindən Güney Azərbaycanın milli fəallarına qarşı təzyiq və təqib siyasəti davam edir. Rejimin hədəfinə tuş gələnlərdən biri də milli fəal, “Traktor” futbol klubunun öndə gələn tərəfdarlarından, Qəzvin şəhər sakini Vəli Əsədi olub.

ArazNews-un məlumatına görə, Vəli Əsədi 310 milyon riyal məbləğində (təxminən 1100 ABŞ dolları) cərimə olunub. Bununla bağlı qərar Qəzvin İnqilab Məhkəməsinin Birinci Şöbəsi tərəfindən Vəli Əsədiyə təqdim edilib. Şöbəyə çağrılan milli fəala bu cəzanın məhkəminin oktyabrın 4-dəki qərarı əsasında kəsildiyi deyilib.

ArazNews-un məlumatında deyilir ki, milli fəal “ölkənin təhlükəsizliyinə qarşı addımlar atmaq”, “ictimaiyyəti narahat etmək”, “rejim əleyhinə təbliğat”, “Xamneyini təhqir etmək” kimi qondarma ittihamlarla üzləşib. Bu ittihamların əsaslandırılması üçün isə rejim Vəli Əsədinin “Türk milli fəalı Abbas Lisaniyə dəstək vermək”, “türk və ərəb milli fəallarına dəstək vermək”, “türkcə şüarlar səsləndirmək” kimi hərəkətlərini göstərib.

O da qeyd edilir ki, son illərdə Güney Azərbaycanın İranın mərkəzinə daha yaxın olan Qəzvin, Kərəc və Həmədan kimi bölgələrində vətəndaşların türk mədəniyyəti və kimliyi məsələsində daha həssas və təəssübkeş davranışı İran rejimini ciddi şəkildə narahat edir. Ona görə də zaman-zaman İran təhlükəsizlik qüvvələri və məhkəmə sistemi bu bölgələrdə yaşayan türk əsilli vətəndaşları həbs edir və ya pul cəriməsi ilə cəzalandırır.

Mission News Theme by Compete Themes.