Press "Enter" to skip to content

Prezident və Birinci Xanım Şamaxıda

Son yeniləmə: 2 Noyabr 2021 10:13

Bayraqdar.info – Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 1-də Şamaxı rayonunda səfərdə olublar.

Məlumatı Prezidentin Mətbuat xidməti yayıb.

“Prezident İ.Əliyev və M.Əliyeva Şamaxıda ulu öndər H.Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

Şimal-Qərb Regional SCADA İdarəetmə Mərkəzinin açılışında

Daha sonra ölkə başçısı və xanımı Şamaxıda “Azərişıq” ASC-nin Şimal-Qərb Regional SCADA İdarəetmə Mərkəzinin açılışında iştirak ediblər.

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dövlət başçısında bildirib ki, “Meysəri” yarımstansiyası vasitəsilə Şamaxı rayonunun 11, Ağsu rayonunun isə 5 yaşayış məntəqəsi və digər obyektlərin fasiləsiz elektrik təchizatı təmin olunub. Yarımstansiyanın istismara verilməsi ilə 10 mindən çox əhalinin elektrik enerjisi təminatı daha da yaxşılaşdırılıb.

“Meysəri” yarımstansiyasında “Azərişıq” ASC-nin Şimal-Qərb Regional SCADA İdarəetmə Mərkəzi yaradılıb. İlk dəfə olaraq Regional SCADA sistemi Mərkəzi SCADA sisteminə qoşulub. Eyni zamanda, “Çuxuryurd-2” yarımstansiyası da bu ərazidə yerləşən strateji obyektlərin elektrik təchizatının etibarlılığını və dayanıqlılığını təmin edir.

“Dövlət başçısı Şimal-Qərb Regional SCADA İdarəetmə Mərkəzini işə salıb”, – deyə məlumatda bildirilir.

Gənclər Parkında

“Prezident və birinci xanım Şamaxı şəhərində Gənclər Parkında görülmüş işlərlə tanış olublar.

“Park yenidən qurulub, yaşıllıq və gəzinti sahələri yaradılıb, sakinlərin və qonaqların istirahəti üçün infrastruktur qurulub. Açıq havada idmanla məşğul olmaq üçün müxtəlif idman qurğuları quraşdırılıb.

“Şamaxı RİH-in başçısı Tahir Məmmədov dövlət başçısına və birinci xanıma rayonda həyata keçirilən layihələr barədə məlumat verib.

Şamaxı şəhər 7 saylı körpələr evi-uşaq bağçası açıldı 

“Ölkə başçısı və xanımı H.Əliyev Fondunun dəstəyi ilə Şamaxı şəhərində inşa edilən 7 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.

“80 yerlik məktəbəqədər təhsil müəssisəsində qrup, oyun və yataq otaqları, idman, akt və musiqi zalları, tibb otağı var.

Yaradıcılıq Mərkəzi də istifadəyə verildi

“Noyabrın 1-də Şamaxı şəhərində Yaradıcılıq Mərkəzi istifadəyə verilib.

“Prezident İ.Əliyev və birinci xanım M.Əliyeva Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Yaradıcılıq Mərkəzinin açılışında iştirak ediblər.

“Yaradıcılıq Mərkəzinin ikimərtəbəli binasında müxtəlif sənət növləri üzrə emalatxanalar yaradılıb. Burada toxuculuq, dulusçuluq, keçə sənəti, naxışvurma, keramika avadanlıqları, xalçaçılıq, heykəltəraşlıq, rəsm, rəngkarlıq üzrə emalatxanalar fəaliyyət göstərəcək. Yaradıcılıq Mərkəzində satış-sərgi salonu da yaradılıb”, – deyə məlumatda vurğulanr.

Şamaxı şəhər stadionunun da lenti kəsildi 

“Daha sonra dövlət başçısı və birinci xanım Şamaxı şəhər stadionunun açılışında iştirak ediblər.

“AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov görülən işlər barədə dövlət başçısına və birinci xanıma məlumat verib.

“2200 azarkeş tutumu olan Şamaxı şəhər stadionu UEFA-nın ikinci kateqoriyalı sertifikatına malik olacaq. Bu isə stadionda beynəlxalq oyunların keçirilməsi üçün bütün imkanların olmasından qaynaqlanır. UEFA klub yarışlarının 1-ci, 2-ci və 3-cü təsnifat mərhələsinin, eyni zamanda, milli komandadan başqa, bütün yaş qruplarına aid milli komandaların oyunları bu stadionda keçirilə bilər. Bu stadionun inşası üçün maliyyə vəsaitinin 87 faizi UEFA, 13 faizi isə AFFA tərəfindən təmin olunub. Stadionun ərazisindəki idman kompleksində cüdo və güləş növləri ilə məşğul olmaq üçün zal, həmçinin fitness zalı inşa edilib. Bundan əlavə, stadionun ərazisində süni örtüklü iki mini-meydança yaradılıb və bu meydançaların 300 nəfər azarkeş tutumuna malik tribunası var.”

Şamaxı Üzüm Tingçilik Mərkəzində 

“Prezident və birinci xanım Şamaxı Üzüm Tingçilik Mərkəzinin açılışında da iştirak ediblər.

“Kənd təsərrüfatı naziri İnam Kərimov dövlət başçısına və birinci xanıma Mərkəz barədə məlumat verib.

“Mərkəzdə dördü yerli – Mədrəsə, Bayanşirə, Məlayi, Xindoqni olmaqla 10 texniki və bir yerli Ağadayı sortu olmaqla 15 süfrə üzüm sortlarının tingləri istehsal olunacaq. 1.2 hektar sahəni əhatə edən Mərkəzdə istehsal olunan tinglər region və Mərkəzi Asiya ölkələrinə ixrac olunacaq”, – deyə Prezidentin Mətbuat xidmətinin məlumatında bildirilir.

Şamaxıda Çarhan kənd orta məktəbinin yeni binası açıldı

“Şamaxı rayonunda akademik Heydər Hüseynov adına Çarhan kənd tam orta məktəbinin yeni binasının açılışı həyata keçirilib. Prezident İ.Əliyev və birinci xanım M. Əliyeva 420 şagird yerlik 5 korpusdan ibarət məktəb binasının açılışını ediblər.

Pirsaat Baba ziyarətgah-məscid kompleksinin açılışı

“Noyabrın 1-də həmçinin Şamaxıdakı Pirsaat Baba ziyarətgah-məscid kompleksinin bərpa və yenidənqurma işlərindən sonra açılışı olub.

“Prezident və birinci xanım açılışda iştirak ediblər.

“Şamaxı rayonunda Pirsaat çayının sahilində yerləşən Pirsaat Baba ziyarətgahı əhalinin ən çox ziyarət etdiyi müqəddəs ocaqlardan biridir. 2019-cu ildə Şamaxıda baş verən zəlzələ zamanı ziyarətgahın divarlarında çatlar əmələ gəlmişdi. H.Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2020-ci ildə burada bərpa-yenidənqurma işlərinə və yeni məscid binasının inşasına başlanılıb. Məsciddə ibadət zalı ilə yanaşı, mərasim zalları da inşa olunub.

“Onu da deyək ki, müxtəlif zamanlarda dağıntıya məruz qalmış orta əsrlərə aid bu ziyarətgah 1918-ci ildə Hacı Cəfərqulu adlı xeyirxah şəxs tərəfindən türbə şəklinə salınıb. Ziyarətgah sovetlər dövründə dağıdılsa da, 1993-cü ildə yenidən inşa edilib, lakin zəlzələ nəticəsində dini ocağa zərər dəymişdi.

“Ziyarətgah-məscid kompleksinin ətrafında geniş abadlıq-yaşıllaşdırma işləri görülüb.” Məlumatda belə deyilir.

Mission News Theme by Compete Themes.