Press "Enter" to skip to content

İlham Əliyev və Mehriban Əliyeva İsmayıllı rayonunda açılışlar etdilər

Son yeniləmə: 2 Noyabr 2021 10:16

Bayraqdar.info – Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 1-də İsmayıllı rayonunda səfərdə olublar.

Məlumatı noyabrın 1-də Prezidentin Mətbuat xidməti yayıb.

Dövlət başçısı və birinci xanım ümummilli lideri Heydər Əliyevin İsmayıllı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

“İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov rayonda görülən abadlıq-quruculuq işləri barədə Prezidentə və birinci xanıma məlumat verib.

“Bu il İsmayıllı şəhərinin Babək küçəsində ideya və üslub baxımından fərqli abadlıq işlərinə başlanılıb. Şəhərin H.Əliyev Parkına aparan, uzunluğu 400 metrə yaxın olan küçədəki abadlıq işləri rayonun gənc rəssamlarının birgə ideyaları əsasında həyata keçirilib. Küçədə yerləşən həyətyanı sahələrin hasarları müəyyən hündürlüyə çatdırılıb, divar üzlükləri təmir olunub, hasar damlarına keramik rəngli dəmir örtük vurulub. Ümumi görünüşə rəng qatmaq üçün darvazalar əlvan rənglərlə boyanıb, divarların fasadında dekorativ pəncərələr, skamyalar və gül dibçəkləri yerləşdirilib. Yolboyu divarlar küçə rəssamlıq sənət nümunələri ilə bəzədilib. Xüsusi memarlıq görünüşünü özündə ehtiva edən abadlıq işləri həm rayon sakinlərinin, həm də İsmayıllıya gələn qonaqların marağına səbəb olub.

“Qeyd edilib ki, Azərbaycanda biosmart avtobus dayanacağı ilk dəfə İsmayıllıda ötən il quraşdırılıb. Onun əsas üstünlüyü pulsuz vayfayı, təhlükəsizlik kamerası, dezinfeksiya duşu, mini barı, enerji doldurma portu, USB girişinin olmasıdır. Dayanacaq Günəş enerjisi ilə işləyir və 8 oturacağı var. Bu il daha bir dayanacaq quraşdırılıb. Onu digərindən fərqləndirən cəhət sensor qapılarının və kondisionerinin olmasıdır.

“Heydər Əliyev Parkında attraksionlar, yeni trenajorlar quraşdırılıb. Parkda yeni bəzək gül kolları və ağaclar əkilib, oturacaqlar yenilənib, işıq sistemi dəyişdirilib. Bu il şəhərin bir neçə küçəsinin asfaltlanması başa çatdırılıb.” Məlumatda belə deyilir.

Lahıcda Bədöyün məscidində

“Daha sonra Prezident və xanımı Lahıc qəsəbəsində olublar. Onlar qəsəbəni gəzərək sakinlərlə söhbət ediblər.

“Prezident İ.Əliyev və birinci xanım M.Əliyeva Lahıcdakı Bədöyün məscidində aparılan bərpa-təmir işləri ilə tanış olublar.

“Xatirladaq ki, 2019-cu ildə Birinci vitse-prezident M.Əliyeva İsmayıllı rayonunun Lahıc qəsəbəsində səfərdə olarkən sakinlər Bədöyün məscidinin təmiri ilə bağlı ona müraciət etmişdilər. Birinci vitse-prezident məsciddəki vəziyyətlə tanış olmuş və burada əsaslı təmir işlərinin aparılması barədə tapşırıq vermişdi.

“Prezidentin köməkçisi Anar Ələkbərov ötən müddət ərzində 1791-ci ildə inşa edilən Bədöyün məscidində və ətraf ərazilərdə H.Əliyev Fondunun dəstəyi ilə bərpa-təmir işləri aparılması barədə məlumat verib. Görülən işlər nəticəsində məscid orijinal formasına uyğun bərpa edilib. Məscidin minarəsi yenidən qurulub, dəstəmazxana inşa olunub. Məscidin qadınlar üçün nəzərdə tutulan hücrə və şəbəkələri əvvəlki görünüşünə qaytarılıb.

“Bundan başqa, Lahıcda aparılan yenidənqurma işləri çərçivəsində qəsəbədə küçə döşəmələri, bulaqlar və eyvanların tarixi görünüşü də bərpa edilir. Ərazidə oturacaqlar, tullantı qabları, gül dibçəkləri, tarixi quruluşlu işıq dirəkləri, küçə və abidə adları olan, eyni zamanda, turistik obyektləri göstərən lövhələr quraşdırılır”, – deyə Prezidentin Mətbuat xidmətinin məlumatında bildirilir.

Basqal-Sulut avtomobil yolunun açılışı

“Həmçinin, noyabrın 1-də ölkə başçısı İ.Əliyev İsmayıllı rayonunda başlanğıcını Muğanlı-İsmayıllı yolunun 17-ci kilometrliyindən götürən Basqal-Sulut avtomobil yolunun açılışında iştirak edib.

“Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına görülən işlər barədə məlumat verib.

““Basqal-Sulut avtomobil yolunun inşası Prezidentin ötən ilin iyulunda imzaladığı Sərəncama uyğun olaraq aparılıb. İki hərəkət zolaqlı yol dörd min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirir. Basqal, Qıçatan, Tağlabiyan, Kəlfərəc, Zeyvə, Kürdüvan, Xankəndi, Mücü, Sərsurə, Kələzevə və Sulut kəndlərini birləşdirən avtomobil yolunun uzunluğu 30,1 km, hərəkət hissəsinin eni isə 6 metrdir. Yol üzərində 4 körpü tikilib və zəruri yol infrastrukturu yaradılıb.

“Həmçinin, İsmayıllı rayonunun Hacıhətəmli-Gideyli-Kürd Eldarbəyli avtomobil yolunda aparılmış işlər barədə də məlumat verilib. Eyni zamanda, dövlət başçısına Muğanlı-İsmayıllı-Qəbələ yolunun tikintisi barədə də məlumat verilib.

“Prezident Basqal-Sulut avtomobil yolunun açılışını edib”, – deyə məlumatda qeyd edilir.

İsmayıllıda Uşaq və Ailələrə Dəstək Mərkəzinin yeni binası açıldı

“Noyabrın 1-də İsmayıllıda Uşaq və Ailələrə Dəstək Mərkəzinin yeni binasının açılışı olub.

“Ölkə başçısı və birinci xanım açılışda iştirak ediblər.

“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində 11 rayonda bu cür mərkəzlər fəaliyyət göstərir. Mərkəzlərin fəaliyyətinin əsas istiqaməti icmada risk qrupundan olan ailələrlə sosial işin aparılmasıdır.

“İndiyədək bu mərkəzə 10 minə yaxın müraciət daxil olub və bu illərdə 39 min İsmayıllı sakini mərkəzin fəaliyyətindən bəhrələnib. Mərkəzdə aktiv terapiya, psixoloq, loqoped, ünsiyyət terapiyası, fərdi məşğələ, sensor, sosial iş, kompüter, dərnək, təlim, konfrans otaqları, qadınlar üçün məşğələ otağı, su terapiyası üçün hovuz, asudə vaxtın təşkili məqsədilə ana-uşaq klubu üçün zal və digər otaqlar var.

Natiq Behdiyev adına 6 saylı tam orta məktəbin yeni binası

“Prezidenti İ.Əliyev və M.Əliyeva İsmayıllı şəhər Natiq Behdiyev adına 6 saylı tam orta məktəbin yeni binasının açılışında iştirak ediblər.” Prezidentin Mətbuat xidmətinin yaydığı məlumatda belə deyilir.

Mission News Theme by Compete Themes.