Press "Enter" to skip to content

Güney Qafqaz birləşdirici faktor kimi

Nadir AZƏRİ

Bayraqdar.info – Türkiyənin məşhur “Qurdlar vadisi” filmində bir epizod var. Həmin epizodda masa arxasında oturan Qərbin təmsilçisi İrandan danışır və “artıq azəriləri (yəni Güney Azərbaycan türklərini – N.A.) fars basqısından qurtarmağımız gərəkdir” deyir. Digər şəxs isə ona “azəriləri o qədər düşünürsünüzsə, torpaqlarından erməniləri çıxarmanız gərəkmirmi” deyə sual edir. Cavab isə belə olur: “O bizim məsələmiz deyil. Rusiyanın məsələsi. Azərilər ruslarla bizim aramızda seçim yapmaq zorunda”.

Nəhənglərin maraq toqquşmasının nəticəsi…

Yazıya bu epizodu xatırlatmaqla başlamağım heç də təsadüfi deyil. Məsələ burasındadır ki, Güney Qafqaz, daha dəqiq desək, artıq cəhənnəmə vasil edilən Dağlıq Qarabağ münaqişəsi uzun illər Qərblə Rusiya arasında maraq toqquşması məkanı kimi tanınıb. Nə zaman ki, münaqişənin sülh yolu ilə həllinə azacıq bir yaxınlaşma olub, o zaman gah bir (Rusiya), gah da digər (Qərb) tərəfdən “əsən küləklər” regionda əbədi sülhün əldə edilməsini əngəlləyib. Səbəb də dediyimiz kimi, nüfuz savaşı, “münaqişəni qarşı tərəf həll edərsə Güney Qafqazda əbədi möhkəmlənə bilər” narahatlığı olub.

Həmçinin, müasir Rusiyada keçmiş SSRİ-dən miras qalmış imperiya təfəkkürünün daşıyıcısı olan bir qrup hərbi və siyasi təmsilçinin Güney Qafqaza müstəmləkə ərazisi kimi yanaşdığı da kimsəyə sirr deyil. Məhz bu məqsədlə də hələ birinci Pyotrun zamanından başlayaraq müasir dövrümüzə qədər Rusiyanın, daha da konkretləşdirsək bu ölkədəki imperiya xislətli hərbi-siyasi qrupun maşası rolunda çıxış edən Ermənistan hərtərəfli şəkildə təmin olunub.

Məhz bu təminat və göstərilən dəstək nəticəsində Ermənistan Birinci Qarabağ savaşında torpaqlarımızı işğal etmiş və 30 il ərzində işğalçılıq siyasətini davam etdirmişdi. Bu illərdə Ermənistanın daxilində və xarici auditoriyada belə fikir formalaşmışdı ki, Rusiya bu torpaqların azad edilməsinə imkan verməyəcək.

Azərbaycan dövlətinin uğurlu siyasəti öz sözünü dedi

Lakin Azərbaycan dövlətinin apardığı uğurlu siyasət bütün bu ehtimalları alt-üst etdi. Belə ki, son 18 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan uzaqgörən, genişmiqyaslı daxili və xarici siyasət, ölkənin iqtisadi gücünün artmasına yönəlmiş addımlar, bütün sahələri əhatə edən islahatlar və yüksək səviyyəli ordu quruculuğu nəticəsində Azərbaycan nəinki həmin ehtimalları alt-üst etdi, eyni zamanda Vətən müharibəsində qalib gələrək yeni reallıqlar yaratdı.

Təbii ki, burada dövlət başçımızın qətiyyətini və yüksək diplomatik bacarığını da xüsusi vurğulamalıyıq. Bəlli olduğu kimi müharibəyə qədər olan dövrdə Prezident İlham Əliyev birmənalı olaraq yerli və xarici auditoriyalar qarşısında çıxışlarında ölkəmizin keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini qətiyyətlə və yüksək diplomatik məharətlə dünya ictimaiyyətinin diqqətinə çatdırırdı. Bu isə 44 günlük Vətən müharibəsində əksər beynəlxalq təşkilat və ölkələrin, o cümlədən Rusiyanın proseslərə reallıqla yanaşmasına səbəb oldu. Özü də Rusiyanın rəhbərliyi nəinki proseslərə real prizmadan yanaşır, o cümlədən hazırda regionda əbədi sülhün əldə edilməsi üçün Türkiyə ilə birgə mühüm addımlar atır.

Regionda əbədi sülhün və inkişafın təmin olunması çox da uzaqda deyil

Bəli, məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən tarixi Zəfərdən sonra regionda yeni reallıqlar formalaşıb. Ölkəmizin yaratdığı bu reallıqlar fonunda isə Güney Qafqaz artıq dünya gücləri üçün maraqların toqquşduğu məkan deyil, birləşdirici faktor kimi xarakterizə olunur.

Elə ötən həftə Romada keçirilən G20 Zirvəsi çərçivəsində baş tutan ikitərəfli görüşlərin gündəliyi də bunu bir daha təsdiqləyir. Məsələn, Zirvə çərçivəsində ABŞ və Türkiyə dövlət başçılarının ikitərəfli görüş gündəliyi çərçivəsində Güney Qafqazdakı vəziyyətin müzakirə edilməsi, hətta Ağ Evin bu görüş barədə açıqlamasında “Güney Qafqazda diplomatik səylərin müzakirə edildiyinin” də vurğulanması sıradan bir məsələ deyil. Yəni, əgər ABŞ və Türkiyə kimi dünyanın aparıcı aktorlarının rəhbərləri dünya üçün vacib olan mühüm məsələlər gündəliyinə Güney Qafqazı da salıblarsa deməli, regionda əbədi sülhün və inkişafın təmin olunması çox da uzaqda deyil.

Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın Romada keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlər isə bu əməkdaşlığın məhz Azərbaycanın təklif etdiyi formatda baş tutacağını bir daha təsdiqləyir. Hər halda R.T.Erdoğanın Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın iştirakı ilə altıtərəfli əməkdaşlıq platformasının yaradılmasının mümkünlüyü ideyasını irəli sürdüyünü xatırlatmaqla yanaşı “Güney Qafqazda altıtərəfli əməkdaşlıq platformasının yaradılmasının tərəfdarıyıq. Rusiya, Azərbaycan, Türkiyə, İran, Ermənistan və Gürcüstan altılıq olaraq belə bir addım ataq və bölgəyə sülh gətirək” deməsi Romada Erdoğan-Bayden və Erdoğan-Makron görüşlərinin Güney Qafqaz mövzusunun ipuclarını da ortaya qoyur.

Anlaşılır ki, bir müddət öncə altılıq formatına qarşı çıxan, hətta Ermənistanı müəyyən təxribatlara sövq edən Fransa, həmçinin ATƏT-in Minsk Qrupu kimi ölü qurumu “diriltməklə” prosesləri öz istədiyi məcraya yönəldə biləcəyini düşünən ABŞ mövcud reallıqla barışmaq zorunda qalıb. Onlar artıq anlayılblar ki, indi vəziyyət dəyişib və hər hansı maneə yaratmaq üçün baş sındırmaq əvəzinə regionu gələcəyə aparacaq və sükanı Azərbaycanın əlində olan inkişaf qatarına “bilet almaq” lazımdır. Bu biletin alınması üçün isə onlara Azərbaycanın müttəfiqi Türkiyə köməklik edə bilər.

Mission News Theme by Compete Themes.