Son yeniləmə: 1 Noyabr 2021 13:11
Bayraqdar.info – Noyabrın 1-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrda Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalının təşkilatçılığı ilə “4.4” Qısa Tamaşalar Festivalının (QTF) açılış mərasimi keçirilib.
Bu barədə bayraqdar.info-ya Teatrın Mətbuat xidmətindən xəbər verilib.
Festival 44 günlük Vətən müharibəsində qazanılan zəfəri və bu qələbənin təməlinin qoyulduğu Aprel döyüşlərini simvolizə edir. Bu zəfəri bizə yaşadan şəhidlərin xatirəsinə ithaf edilən festival müharibə mövzusuna həsr olunub.
“Açılışdan öncə ərazi bütövlüyü uğurunda candan keçən qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
“Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, tanınmış teatrşünas Elçin Cəfərov çıxış edərək festival haqqında məlumat verib.
O, qeyd edib ki, teatr ictimaiyyətinin geniş marağına səbəb olan festivalın proqramına Bakı ilə yanaşı, 8 şəhərdə fəaliyyət göstərən 11 dövlət, 6 özəl teatr, 5 müstəqil sənətçi tərəfindən təqdim olunmuş 22 tamaşa daxil edilib. Xronometrajı 15 dəqiqədən çox olmayan qısa tamaşaların videoformatda nümayişindən sonra hər gün peşəkar münsiflərin və yaradıcı heyətin iştirakı ilə müzakirələr təşkil olunacaq. Jürinin tərkibinə İsrafil İsrafilov, Aydın Talıbzadə, Mehriban Ələkbərzadə, Əli Əmirli və Pərviz Məmmədrzayev daxildir.
“Festival çərçivəsində tanınmış teatr mütəxəssislərinin iştirakı ilə “Bədən dili” və “Pyes necə yazmalıdır?” mövzularında vörkşop, “Müharibə və teatr” mövzusunda panel-müzakirə keçiriləcək.
“Daha sonra Mədəniyyət Nazirliyinin rəsmisi Fərəh Acalova çıxış edib. O deyib: “Çox şadam ki, uzun müddətdən sonra teatrda görüşmək imkanı əldə etmişik. Biz Nazirlik olaraq teatrların normal fəaliyyət göstərilməsi üçün səylər göstəririk. Bu festival uğurlu təşəbbüsdür. İnanıram ki, proqramı zəngin olan festival maraqlı olacaq”.
Festival müəllif və rejissor Zaur Əliyevin “44” tamaşasının nümayişi ilə açıq elan edilib.
“Qeyd edək ki, noyabrın 5-dək davam edəcək “4.4” Qısa Tamaşalar Festivalında münsiflər heyətinin qərarı ilə ilk 3 yerə layiq görülmüş tamaşalara 1500, 1000, 750 manat həcmində pul mükafatları və diplomlar, birinci yerin qalibinə “Dəfnə” mükafatı təqdim ediləcək.” Xəbərdə belə deyilir.