Son yeniləmə: 1 Noyabr 2021 10:31
Bayraqdar.info – Serbiyanın paytaxtə Belqradda boks üzrə dünya çempionatının səkkizdəbir final mərhələsi keçirilir. Azərbaycan boksçularından 3 nəfər idmançı bu yarışda qalib gələrək dörddəbir final mərhələsinə keçib. Rinqə çıxan Azərbaycan millisinin dörd üzvündən 3-ü rəqibə qalib gəlməyi bacarıb.
Bu barədə bayraqdar.info-ya noyabrın 1-də Azərbaycan Boks Federasiyasından xəbər verilib.
“Azərbaycanı təmsil edən boksçu Alfonso Dominqes (86 kq) AİBA bayrağı altında çıxış edən Tavfiqulla Suleymanidən sonra rumıniyalı Pol Aradoae ilə qüvvəsini sınayıb. Avropa Oyunlarının qalibi bu dəfə də rəqibini 5:0 hesabı ilə məğlub edib. O, dörddəbir finalda rusiyalı Şarabutdin Atayevlə döyüşəcək. Görüş noyabrın 2-də baş tutacaq.
“Yonas Yazeviçiusi (Litva) mübarizədən kənarlaşdıran Məhəmməd Abdullayev (+91 kq) isə səkkizdəbir finalda Vladan Babiçlə (Serbiya) üz-üzə gəlib. O, döyüşü 5:0 hesabı ilə aktivinə yazıb. M.Abdullayev noyabrın 2-də təşkil olunacaq dörddəbir finalda hindistanlı Narender ilə qarşılaşacaq.
“Sərxan Əliyev (71 kq) Stefen Nevnsi (Şotlandiya) məğlub etdikdən sonra Yuta Akiyama (Yaponiya) ilə qüvvəsini sınayıb. Görüş boksçunun qələbəsi ilə yekunlaşıb – 5:0. O da növbəti döyüşünü noyabrın 2-də keçirəcək. S.Əliyevin rəqibi ABŞ təmsilçisi Obed Barti olacaq.
“İlk iki qarşılaşmada müvafiq olaraq Çarles Petit-Homm (Haiti) və Simone Spada (İtaliya) üzərində qələbə qazanan Tayfur Əliyev (60 kq) isə üçüncü sınağında Arslan Xatayevə (Finlandiya) məğlub olduğu üçün mundialla vidalaşıb.
“Azərbaycan komandası dünya çempionatına 9 boksçu ilə qatılıb.” Məlumatda belə deyilir.