Press "Enter" to skip to content

“ASAN xidmət” konsepsiyası Mərakeşdə maraqla qarşılanıb

Bayraqdar.info – Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində olub. Burda Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə səfir arasında görüş keçirilib.

Bu barədə bayraqdar.info-ya noyabrın 1-də məlumat verilib.

Bildirilib ki, Dövlət Agentliyinin sədri Mərakeş tərəfi ilə aparılan uğurlu əməkdaşlığın ölkələrimiz arasında mövcud olan səmərəli əlaqələrə də öz müsbət töhfəsini verdiyini qeyd edib. Görüş zamanı Dövlət Agentliyinin nümayəndə heyətinin cari ilin sentyabr ayında Mərakeş Krallığına həyata keçirdiyi səfərin nəticələri ilə əlaqədar müzakirələr aparılıb.

Səfir Mərakeş Krallığında sentyabr ayında parlament seçkilərinin keçirildiyini və yeni hökumətin formalaşdığını vurğulayıb. Dövlət Agentliyi ilə Mərakeşin müvafiq qurumları arasında müxtəlif istiqamətlər üzrə həyata keçirilən əməkdaşlığın bundan sonra da davam edəcəyini bildirib.

Görüş çərçivəsində 2018-ci ilin iyun ayında Dövlət Agentliyi ilə Mərakeş Krallığının müvafiq qurumu arasında imzalanmış Anlaşma Memorandumunun implementasiyası çərçivəsində görülən işlərdən məmnunluq ifadə olunub.

Mərakeşli səfir “ASAN xidmət” konsepsiyasının unikal bir model olduğunu qeyd edib. O, bu təcrübənin Mərakeşdə tətbiqində maraqlı olduqlarını və bu istiqamətdə Dövlət Agentliyi ilə həyata keçirilən əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Səfir 2019-cu ildə təsis olunmuş “Dövlət Xidmətləri Göstərən Qurumların ASAN Beynəlxalq Assosiyasiya”nın Nizamnamə layihəsinin imzalanması ilə əlaqədar hazırda ölkəsində dövlətdaxili prosedurların davam etdiyini qeyd edib.

Həmçinin Mərakeş Krallığının əl sənətkarlığı sahəsi üzrə fəaliyyət göstərən Nazirliyi ilə Dövlət Agentliyi arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və qeyd olunan istiqamət üzrə Anlaşma Memorandumunun imzalanması prosesinin sürətləndirilməsi ilə əlaqədar razılıq əldə olunub.

Mission News Theme by Compete Themes.