Son yeniləmə: 1 Noyabr 2021 01:59
Bayraqdar.info – Romada keçirilən G20 Liderlər Sammiti başa çatıb. Artıq Sammitdə iştirak edən ölkələrin liderləri, o cümlədən Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan İtaliya paytaxtından ayrılıb.
Bundan öncə isə Türkiyə Cümhurbaşqanı Romada mətbuat konfransı keçirib. Türkiyə mediasının məlumatına görə, R.T.Erdoğan mətbuat kofransında Sammitdə müzakirə edilən məsələlərlə bağlı ayrı-ayrılıqda ətraflı məlumat verib.
“Qlobal iqtisadiyyat 2021-ci ildə toparlanmağa başlasa da, iqtisadiyyatlarımız hələ də ciddi problemlərlə üz-üzədir”-, deyən Türkiyə Cümhurbaşqanı həmçinin, ABŞ Prezidenti Co Bayden və Fransa Prezidenti Emmanuel Makronla görüşlərinə dair jurnalistləri maraqlandıran sualları da cavablandırıb.
C.Baydenlə görüşdə terror təşkilatları ilə bağlı məsələyə də toxunulduğunu bildirən R.T.Erdoğan “Suriyadakı terror təşkilatları PKK/PYD-nin ABŞ-dan aldıqları dəstəkdən təəssüfləndiyimizi çatdırdıq. Bundan sonrakı prosesin belə davam etməyəcəyinə inanıram” deyib.
R.T.Erdoğan C.Baydenlə görüşdə F-16-lar məsələsinin də gündəmə gəldiyini vurğulayıb: “Cənab Baydenin bu məsələyə müsbət yanaşmasını gördüm”.
ABŞ Prezidenti Co Baydenlə görüşündə Cənubi Qafqazdakı vəziyyəti də müzakirə etdiklərini bildirən R.T.Erdoğan “Cənubi Qafqazda altıtərəfli əməkdaşlıq platformasının yaradılmasının tərəfdarıyıq. Rusiya, Azərbaycan, Türkiyə, İran, Ermənistan və Gürcüstan, altılıq olaraq belə bir addım ataq və bölgəyə sülh gətirək”-, deyib.
“Azərbaycan Prezidenti cənab İlham Əliyev Ermənistanın iştirakı ilə altıtərəfli əməkdaşlıq platformasının yaradılmasının mümkünlüyü ideyasını irəli sürüb” deyən Türkiyə Cümhurbaşqanının sözlərinə görə, əgər bütün tərəflər müsbət yanaşma nümayiş etdirərsə, bölgədə belə bir əməkdaşlıq platforması yaradıla bilər.
Eyni zamanda, Fransa Prezidenti Emmanuel Makronla görüşdə də Cənubi Qafqazdakı vəziyyət və bölgədə atılan addımların müzakirə olunduğu bildirilib.