Bayraqdar.info – Prezidentin Zəfər Günü haqqında Sərəncamına uyğun olaraq Naxçıvan Qarnizonu Qoşunlarında 8 Noyabr – Zəfər Günü təntənəli şəkildə qeyd edilir.
Bu barədə bayraqdar.info-ya Müdafiə Nazirliyindən xəbər verilib.
“Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən tədbirlər planı hazırlanaraq bütün birləşmə, hissə və bölmələrdə, Təlim-Tədris mərkəzlərində, H.Əliyev adına Hərbi Liseydə, Naxçıvan Qarnizonunun tam orta məktəbində və uşaq bağçalarında silsilə tədbirlər keçirilir.
“Ordunun ön xətdə yerləşən hərbi hissələrindən birində “Zəfər yolumuz” adlı hərbi vətənpərvərlik tədbiri keçirilib. Tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikasının ictimaiyyət nümayəndələri, o cümlədən mədəniyyət və Vətən müharibəsinin iştirakçıları şəxsi heyətin sosial-məişət şəraiti və döyüş növbətçiliyi ilə tanış olublar.
“Tədbirdə şəhidlərin əziz xatirəsi yad edilib və Dövlət Himni səsləndirilib. Ordunun zabitləri, müharibə veteranları, qazilər və ictimaiyyət nümayəndələri 44 günlük Vətən müharibəsində qazanılan qələbədən, dövlət-xalq-ordu birliyindən danışıblar.
“Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının, hərbi hissələrin bədii özfəaliyyət kollektivlərinin üzvləri əsgərlər qarşısında ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
“Naxçıvan Qarnizonu Qoşunlarında keçirilən “Zəfər yolumuz” adlı silsilə tədbirlər davam edir”, – deyə xəbərdə bildirilir.