Son yeniləmə: 30 Oktyabr 2021 11:13
Bayraqdar.info – Oktyabrın 29-da Bakıda jurnalistlər üçün bir günlük seminar keçirilib. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (giz) tərəfindən təşkil edilən seminar “İnzibati qanunvericilikdə şikayət mexanizmləri və mediasiyanın tətbiqi imkanları” mövzusuna həsr olunub.
Ölkənin televiziya, qəzet və aparıcı informasiya agentliklərinin əməkdaşlarının iştirak etdiyi seminarın açılışında bildirilib ki, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin “Cənubi Qafqazda yerli inkişaf üçün yaxşı idarəetmə” regional proqramı (GGLD) çərçivəsində baş tutan seminarın keçirilməsində məqsəd inzibati icraat barədə, həmçinin Azərbaycanda inzibati qanunvericilikdə şikayət mexanizmləri və mediasiyanın tətbiq imkanları haqqında iştirakçılara ətraflı məlmat verməkdir.
Sonra söz seminarın moderatoru, Mediasiya Şurasının İxtisas Komissiyasının sədri, vəkil Qasım Şaliyevə verilib.
Seminarın birinci hissəsində iştirakçılar inzibati icraatda əsas anlayışlar, prinsiplər, inzibati orqanların hərəkət və hərəkətsizliyi, inzibati aktlar, inzibati orqanların inzibati aktlarından və ya hərəkətsizliyindən şikayət mexanizmləri barədə məlumatlandırılıb.
İkinci hissədə isə öncə mediasiya haqqında ümumi bilgi verilib. Bildirilib ki, müasir şəraitdə mübahisələrin səmərəli həlli məqsədilə üçüncü tərəfin müdaxiləsi zərurətə çevirilib. Hazırda hüquqi, siyasi-diplomatik vasitə kimi mediasiya münaqişələrin uğurlu həlli yolu hesab edilir və qabaqcıl ölkələrdə mediasiya institutunun inkişafına geniş şərait yaradılır. Mediasiya bəşəriyətin təcrübəsi ilə ərsəyə gələn hüquq barışıq strategiyasının və hüquqi praktikanın növlərindən biridir.
Q.Şaliyev həmçinin, mediasiyanın səmərəliliyi, faydaları, mediasiya prosesi, Azərbaycanda mediasiyanın tətbiqi və ilkin mediasiya sessiyası, inzibati icraatda mediasiya barədə də iştirakçılara ətraflı məlumat verib.
Qeyd edək ki, seminar çərçivəsində həmçinin, mövzu ətrafında müzakirələr aparılıb, jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Sonda seminar iştirakçılarına sertifikatlar təqdim edilib.
Onu da bildirək ki, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən jurnalistlər üçün bu cür seminarların gələcəkdə də keçiriləcəyi gözlənilir.