Press "Enter" to skip to content

Gözlər KKTC-də: UBP-nin 22-cu qurultayı başlayıb

Son yeniləmə: 1 Noyabr 2021 08:52

Bayraqdar.info – Oktyabrın 30-da Kuzey Kıbrıs Türk Cümhuriyyətinin hakim Ulusal Birlik Partiyasının 22-ci qurultayı öz işinə başlayıb.

Verilən məlumata görə, Lefkoşa Atatürk Spor Salonunda keçirilən qurultayın açılışına KKTC Cümhurbaşqanı Ersin Tatar və AK Parti Genel başqan vekili Binali Yıldırım da qatılıb.

UBP-nin baş katibi Oğuzhan Hasipoğlu tərəfindən yetərsay yoxlamasından və giriş nitqindən, həmçinin qurultayı idarə edəcək Başqanlıq divanı seçiləndən sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və İstiqlal Marşı oxunub.

Sonra UBP-nin hazırki genel başqanı və baş nazir Ersan Saner çıxış edib. Çıxışında həm partiyaya, həm də hökumətə rəhbərlik etdiyi müddətdə görülən işlərdən danışan E.Saner, həmçinin ona qarşı həyata keçirilən çirkin qara piar kampaniyası-məlum video olayından da bəhs edib.

Məlumat üçün bildirək ki, sözügedən video olayından sonra E.Saner UBP genel başqanlığı üçün mübarizədən çəkildiyini bəyan edib. Beləliklə də, partiyada bir nömərli post uğrunda mübarizə aparanların sayı 3-ə düşüb. Bunlar Hasan Taçoy, Faiz Sucuoğlu və Zorlu Töredir.

İki gün davam edəcək qurultayda UBP üzvü olan 16 bin 483 nəfər səs verəcək. UBP-dən verilən məlumata görə, minə yaxın üzv isə partiyaya üzvlüklərindən hələ 6 ay keçmədiyi üçün səsvermədə iştirak edə bilməyəcəklər.

Oktyabrın 30-da yerli vaxtal saat 12:00-da başlayan səsvermənin oktyabrın 31-də saat 19:00-da başa çatması gözlənilir.

Onu da qeyd edək ki, qurultayda KKTC Cümhurbaşqanı Ersin Tatar, AK Parti Genel başqan vekili Binali Yıldırım təbrik nitqi ilə çıxış ediblər.

Səhhətindəki problemlər görə qurultaya qatıla bilməyən KKTC-nin fəxri sədri, ölkənin 3-cü Cümhurbaşqanı Derviş Eroğlunun isə təbrik mesajı iştirakçılara çatdırılıb.

Yeri gəlmişkən, E.Tatar, çıxışında qurultay nəticəsində ortaya çıxacaq iradəyə hər kəsin hörmətlə yanaşmasının vacib olduğunu deyib. Cümhurbaşqanı birlik və həmrəylik içində gələcəyə doğru addımların atılmasının vacib olduğunu vurğulayıb.

Bunu xüsusi olaraq qeyd etməyimiz isə heç də təsadüfi deyil. Məsələ burasındadır ki, E.Tatarın KKTC-nin suverenliyi məsələsində qətiyyətli davranışı və Türkiyə ilə bərabər addımlaması bəzi xarici gücləri narahat edir. Həmin güclər isə bu günə kimi KKTC-də reallaşdırdıqları “hökumət böhranı” senarisini yenidən dövrəyə soxmağa qərar veriblər. Hər halda süni şəkildə yaradılmış yetərsay problemi səbəbində mövcud hökumətin istefasının arxasında da məhz bu məqam dayanır.

Lakin görünən odur ki, bu qaranlıq güclər dayanmaq niyyətində deyillər. Belə ki, qurultayda E.Sanerin yenidən genel başqan seçiləcəyi, həmçinin gözlənilən növbədənkənar parlament seçkilərində də UBP-nin yüksək səs alacağı qaçılmaz idi. Bunu önləmək üçün isə ortaya məlum video olayı atıldı.

Böyük ehtimalla bununla E.Sanerin genel başqanlıq uğrunda mübarizədən çəkilməsinə nail olan həmin güclərin növbəti hədəfi UBP-də daxili narazılıqlar yaratmaqdır. Elə E.Tatarın (xatırladaq ki, o da UBP-nin genel başqanı olaraq baş nazir, sonra isə Cümhurbaşqanı seçilib-N.A), çıxışında qurultay nəticəsində ortaya çıxacaq iradəyə hər kəsin hörmətlə yanaşmasının lazım olduğunu deməsi də məhz gözlənilən həmin təhlükəni önləmək xarakteri daşıyır. E.Sanerin genel başqanlıq uğrunda mübarizədən çəkilməsi ilə bağlı açıqlamasında məlum video olayına görə hazırki namizədlərdən birini günahlandırması isə Cümhurbaşqanının çıxışındakı narahat notların heç də səbəbsiz olmadığına işarə edir.

Hər halda ümid edək ki, UBP bu sınaqdan da uğurla çıxmağa bacaracaq. Çünki bu həm də KKTC-nin varlığı üçün bundan sonra atılacaq addımlarda da önəmli rol oynaya bilər.

Bir sözlər hazırda gözlər KKTC-də, daha doğrusu UBP-nin qurultayından çıxacaq nəticədədir.

Mission News Theme by Compete Themes.