Press "Enter" to skip to content

Gənclərin mənəvi dəyərlərin təbliğində rolu

Bayraqdar.info – Müasir İnkişaf Birliyinin təşkilatçılığıyla “Mənəvi dəyərlərimizi yaşadaq və təbliğ edək” adlı layihə üzrə ilk tədbir keçirilib. Layihə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə icra edilir.

Bu haqda xəbər bayraqdar.info-ya oktyabrın 30-da Birlikdən daxil olub.

Xəbərdə deyilir ki, Birliyin sədri Mübariz Göyüşlü tədbirdəki çıxışında mənəvi dəyərlərin təbliğinin vacibliyindən, rəhbərlik etdiyi təşkilatın bu istiqamətdə 2005-ci ildən bəri gördüyü işlərdən, cəmiyyətin, xüsusilə də gənclərin tərbiyəsində xalqın min illərlə formalaşmış dəyərlərinin önəmindən bəhs edib. O, mənəvi dəyərlərin təbliğinin 44 günlük müharibəyə qədər bir forma və məzmunda aparıldığını, müharibədən sonra isə başqa bir forma və məzmunda aparılmalı olduğunu vurğulayıb.

AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, ADPU-nun dosenti Mübariz Ağalarlı tədbirdə “Azərbaycanda milli-mənəvi dəyərlər: tarixilik və müasirlik” mövzusunda məruzə ilə çıxış edib. O, məsələyə tarixi aspektən yanaşaraq Azərbaycan xalqının qəhrəmanlıq salnamələrindən, dövlətçilik təcrübəsindən, türk xalqlarının ortaq cəhətlərindən danışıb. Azərbaycan bayrağının rənglərindəki ideoloji prinsiplərdən söz açan alim gənclər arasında mənəvi dəyərlərin təbliğinin vacibliyini qeyd edib.

Tədbirin digər məruzəçisi, AMEA Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent Aygün Bağırlı “Milli-mənəvi dəyərlərin formalaşmasında ədəbi nümunələrin rolu” mövzusunda çıxış edib. O, ədəbi nümunələrdə mənəvi dəyərlərimizin təbliği məsələlərindən geniş danışıb. Çıxışçı 44 günlük Vətən müharibəsindən qalib çıxan Azərbaycanın 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsinə toxunaraq, bunu ədəbiyyata, sözə, mədəniyyətə verilən böyük qiymət kimi xarakterizə edib. Məruzəçi gəncləri mənəvi dəyərləri yaşatmaqda və qorumaqda fəal olmağa səsləyib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov lokal dəyərlərin bəşəri dəyərlərə çevrilməsi prosesindən danışıb. O, bunu edə bilən xalqların, cəmiyyətlərin özünü qoruması imkanlarının artdığını açıqlayıb.

M.İsmayılov xalqın mənəvi dəyərlərinin 44 günlük müharibəni qalibiyyətlə başa vurmaqda çox böyük faydasının olduğunu söyləyib. İcraçı direktor Qərb və Şərq dəyərləri arasında təhlillər apararaq gənclərə ünvanlanmış belə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Azərbaycan İlahiyyat İnstitutu İslamşünaslıq kafedrasının müdiri Əhməd Niyazov təmsil etdiyi təhsil müəssəsinin yaradılmasından və fəaliyyətindən söz açıb. Ə.Niyazov ölkəmizdə dinlərarası, məzhəblərarası münasibətlərin tənzimlənməsindən danışıb. İlahiyyatçı alim bu sahədə heç bir problemin, ixtilafın və çətinliklərin olmadığını, Azərbaycanın dünyaya örnəklər göstərdiyini xüsusi vurğulayıb.

ADPU Tarix fakültəsinin tələbəsi Anar Salehoğlu gənclər arasında mənəvi dəyərlərin təbliğinin əhəmiyyətindən danışıb. O, bir gənc olaraq daim bu sahədə görülən işlərdə fəal olduğunu, digər həmyaşıdlarını da aktiv olmağa səslədiyini açıqlayıb.

Bir daha qeyd edək ki, xəbəri Müasir İnkişaf Birliyindən veriblər.

Mission News Theme by Compete Themes.