Bayraqdar.info – Oktyabrın 29-da Bakıda, Dənizkənarı Milli Parkda Vətən müharibəsində qazanılan qələbəyə həsr olunan “Zəfər” yarmarkasının açılışı olub.
Bu barədə bayraqdar.info-ya “ASAN xidmət”dən məlumat verilib.
Bildirilib ki, 29 oktyabr – 9 noyabr tarixini əhatə edəcək yarmarka “Qarabağ qəhrəmanlarının izi ilə” mövzusuna həsr edilib.
Yarmarkanın təşkilatçıları “YAŞAT” Fondu, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Peyntbol Federasiyasıdır.
Qeyd edilib ki, yarmarka müddətində müxtəlif şirkətlər tərəfindən qida məhsullarının, zəfər simvolikasına aid müxtəlif suvenirlərin, kitabların və digər məhsulların satışı reallaşdırılır. Eyni zamanda Vətən müharibəsi ilə bağlı silah, geyim və texnikaların nümayişi üçün zona, hərbi oyun meydançaları quraşdırılıb.
Bura gələn vətəndaşlar üçün, həmçinin hərbi vətənpərvərlik yarışları, uşaqlar üçün əyləncəli tədbirlər təşkil edilir.
Yarmarkanın hər bir günündə tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə konsert proqramlarının təşkili nəzərdə tutulur.
Qeyd edək ki, yarmarkanın ilk günündə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Orkestrinin ifasında hərbi marşlar və vətənpərvərlik mahnıları səsləndirilib.
Vurğulanıb ki, “Bakcell” və “İDEART” MMC-nin sponsorluğu ilə keçirilən yarmarkadan əldə olunacaq vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananlara və şəhid ailələrinə dəstək məqsədi ilə “YAŞAT” Fonduna ianə ediləcək.