Press "Enter" to skip to content

Yücel Karauz: 98 yaşlı Türkiyə Cümhuriyyəti dünyanın aparıcı aktorlarından birinə çevrilib

Dr. Yücel Karauz

Son yeniləmə: 29 Oktyabr 2021 00:02

Bayraqdar.info – “98 ildir demokratiya ilə idarə edilən Türkiyə Cümhuriyyəti ötən müddət ərzində bütün sahələrdə uğurlar qazanaraq, dünyanın aparıcı aktorlarından birinə çevrilib”.

Bunu bayraqdar.info-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz deyib.

Açıqlamasında Türkiyə Cümhuriyyətinin yaradılmasının 98-ci ildönümünü dəyərləndirən Y.Karauz bildirib ki, ötən müddətdə böyük uğurlar əldə edilib: “29 oktyabr Türkiyə Cümhuriyyətinin rəsmi olaraq quruluş tarixidir. 23 aprel 1920-ci ildə formalaşdırılan Türkiyə Böyük Millət Məclisi tərəfindən 1923-cü il oktyabrın 29-da bir konstitusiya dəyişikliyi edilərək, dövlətin idarə üsulu cümhuriyyət olaraq dəyişdirilmişdi. Hazırda dünyanın əksər dövlətlərinin üstünlük verdiyi xalqın iradəsinə əsaslanan demokratik idarəçiliyi 98 il öncə Türkiyə Cümhuriyyəti tətbiq etdi. Ulu öndərimiz Mustafa Kemal Atatürk bunu “egemenlik kaytsız, şartsız millətindir” kəlamı ilə dəyərləndirib. Bu gün Türkiyə Cümhuriyyəti deyəndə bütün azadlıqların təmin olunduğu, azad medianın olduğu, hüququn aliliyinin təmin edildiyi, modern dünyaya inteqrasiya edən, BMT-yə üzv 190-na yaxın ölkə içərisində iqtisadi gücünə görə dünyada 17-ci yerdə qərar tutan, hərbi sahədə qüdrətli, dünyanın ən güclü ordusuna malik ölkələr içərisində 11-ci yerdə qərarlaşan, həmçinin müdafiə sənayesində özünü 85 faiz təmin edən, regional və qlobal gücə çevrilən bir dövlətdən bəhs edirik. Bütün bunların hamısı Ulu öndər Mustafa Kemal Atatürk və silah arkadaşlarının qurduqları Cümhuriyyət sayəsində qazanılıb. Türkiyə Cümhuriyyəti 98-ci ildönümünü bu uğurlarla qeyd edir”.

Y.Karauz bildirib ki, hazırda dünyanın aparıcı aktorlarından olan Türkiyə Suriyada, İraqda, Qafqaz regionunda sülhün və sabitliyin təmin edilməsi üçün atılan addımlarda mühüm rol oynayır: “Biz bunu İkinci Qarabağ müharibəsi zamanı da müşahidə etdik. Türkiyə bu gün Cənubi Qafqaz regionunun lider ölkəsi olan qardaş Azərbaycanla birlikdə çiyin-çiyinə verərək, Qafqazda əbədi sülhün, sabitliyin təmini, regionun inkişafı və tərəqqisi naminə addımlar atır. Bir sözlə, bu gün regional və qlobal gücə çevrilən Türkiyə Cümhuriyyəti 98-ci ildönümünü qarşısına qoyduğu bütün məqsədlər çatan qüdrətli bir ölkə olaraq qeyd edir. Türkiyə Cümhuriyyətini yaradan başda Mustafa Kemal Atatürk olmaqla silah arkadaşlarına, həmçinin Türkiyənin bu günkü qüdrətə sahib olmasında bütün əməyi keçənlərə minnətdarıq”.

Mission News Theme by Compete Themes.