Press "Enter" to skip to content

Recep Tayyip Erdoğan: Heç bir gücün bizi yolumuzdan döndərməsinə imkan verməyəcəyik

Bayraqdar.info – “Ölkədə və xaricdə yaşayan vətəndaşlarımızın, şanlı tariximizin qızıl həlqələrindən olan bu qürurlu günü bizimlə paylaşan bütün dostlarımızın 29 Ekim –Cümhuriyyət Bayramını təbrik edirəm”.
Bu sözlər Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın 29 Ekim –Cümhuriyyət Bayramı münasibətilə ölkə əhalisinə videomüraciətində öz əklsini tapıb.

Müraciətində 98-ci ilində Cümhuriyyətin qurucusu Qazi Mustafa Kemal Atatürkün və onun qəhrəman silahdaşlarının xatirəsini ehtiramla yad etdiyini bildirən R.T.Erdoğan daha sonra deyib: “Canları bahasına bu vətəni bizə əmanət edən şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Eyni mübarək yolda döyüşərkən qazilik şərəfinə layiq görülən qazilərimizə öz adımdan, ölkəm və millətim adından minnətdarlığımı bildirirəm. Birinci Məclisdən bu günə qədər milli iradənin sayılıb-seçilən nümayəndələri olaraq Türkiyə Böyük Millət Məclisinin damı altında ölkəmizə xidmət etmiş, lazım olanda bədəl ödəmiş bütün millət vəkillərimizə təşəkkür edirəm. Türkiyənin yaşaması, sevimli millətimizin əmin-amanlığı, təhlükəsizliyi və rifahı naminə sərhəddə və sərhədlərimizin daxilində fəaliyyət göstərən təhlükəsizlik qüvvələrimizə Rəbbimdən uğurlar diləyirəm. Şanlı bayrağımızı dünyanın hər yerində qürurla dalğalandıran iş adamlarımızı, qeyri-hökumət təşkilatlarımızı, dövlət məmurlarımızı ürəkdən təbrik edirəm”.

Cümhurbaşqanı həmçinin, köklü tarixdən və qədim dəyərlərdən aldıqları güclə 84 milyon insanın Türkiyəni böyütmək və hədəflərinə çatmaq üçün səylərini davam etdirdiyini bildirib.

“Səhiyyə infrastrukturumuzun gücü və imkanları sayəsində onu uğurla idarə edərək, bütün dünyanı sarsıdan koronavirus pandemiyasının ən ağır mərhələsini geridə qoyduq”-, deyən R.T.Erdoğan videomüraciətində iqtisadi sahədə, regional və qlobal səviyyədə atılan addımlar və əldə edilən uğurlara da toxunub. Türkiyə Cümhurbaşqanı həmçinin, Azərbaycanın və Liviyanın haqq davasına verilən dəstəkdən də bəhs edib.

Videomüraciətdə həmçinin bildirilib: “Cümhuriyyətimizin yüzilliyi artıq üfüqdə görünərkən heç bir gücün, heç bir çirkin ssenarinin və Türkiyəni büdrətməyə yönəlmiş hiyləgər hücumun bizi yolumuzdan döndərməsinə imkan verməyəcəyik. Millət olaraq ən böyük təminatımız olan birliyimizi, həmrəyliyimizi, qardaşlığımızı möhkəm tutaraq, böyük və güclü Türkiyə davamızın gerçəkləşməsi üçün mübarizə aparacağıq. Yürütdüyümüz bu mübarək mübarizədə milli mübarizəni zəfərə çatdıran, Cümhuriyyətimizə həyat verən polad iradə 98 ildə olduğu kimi bu gün də yol göstərənimiz olacaq”.

Mission News Theme by Compete Themes.