Son yeniləmə: 29 Oktyabr 2021 00:26
Bayraqdar.info – “Böyük Mustafa Kemal Atatürkün 1923-cü il oktyabrın 28-də “Əfəndilər cümhuriyyəti yarın elan edəcəyiz” deyə, bəyan etdiyi fikir bir gün sonra 29 oktyabrda rəsmən öz təsdiqini tapdı. Türkiyə Cümhuriyyəti dövləti 29 oktyabrda elan olundu”.
Bunu Türkiyə Cümhuriyyətinin yaradılmasının 98-ci ildönümü ilə bağlı fikirlərini bölüşən millət vəkili Ramil Həsən deyib.
Bayraqdar.info-ya özəl açıqlamasında R.Həsən “98 ildir mövcudiyyətini qoruyan, bu gün, Cümhurbaşqanı, sayın Recep Tayyip Erdoğanın rəhbərliyi ilə dünyada öz sözünü deyən, dünyanın aparıcı ölkələri arasında iqtisadi və siyasi cəhətdən böyük nüfuza, imkanlara və gücə sahib olan, həmçinin bölgədə söz sahibi olan qardaş Türkiyə bu uğurlarına görə bizi də qürurlandırır”-, deyib.
Millət vəkili bildirib ki, Azərbaycanla Türkiyə arasındakı qardaşlıq, müttəfiqlik əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində atılan davamlı və qətiyyətli addımlar, o cümlədən regiona əbədi sülhün gəlməsi üçün göstərilən səylər də dünyanın diqqət mərkəzindədir: “Bir sözlə, bu gün biz dünyada əsas söz sahibi, aktorlardan biri olan, dünyada və regionda sülhün və sabitliyin təmin olunmasında aparıcı rol oynayan, həmçinin hər keçən gün hərbi, siyasi və digər cəhətdən daha da güclənən qardaş Türkiyə Cümhuriyyətinin yaranmasının 98-ci ildönümünü qeyd edirik. Bu, bizim, yəni azərbaycanlılar üçün də bir bayramdır. Çünki bir millət iki dövlət olan Azərbaycanla Türkiyənin sevinci də, kədəri də biridr. Bu sevincli, qürurlu və tarixi gün münasibətilə qardaş Türkiyə Cümhuriyyətini və oradakı bütün qardaşlarımızı cani könüldən təbrik edirəm. Əminəm ki, dəyərli dövlət başçılarımız İlham Əliyev və Recep Tayyip Erdoğanın qardaşlığından, qətiyyətindən güc alan dostluq və müttəfiqliyimiz sayəsində birlikdə hələ çox uğurlar əldə edəcəyik”.