Press "Enter" to skip to content

Mədəniyyətin dayanıqlı inkişafda rolu və texnoloji investisiyalar mövzularında müzakirələr

Bayraqdar.info – Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti öz işini davam etdirir. Oktyabrın 28-də Sammit çərçivəsində “Regionun əsas sosial və iqtisadi çağırışları: Nizami Gəncəvi üzrə baxış”, “İnvestisiya qərarlarında mədəni ölçü”, “Startap layihələrinə investisiya qoyuluşu” və “Davamlı inkişaf məqsədlərinə nail olunması üçün texnoloji investisiyaların rolu” mövzularında panel müzakirələr təşkil olunub.

Bu barədə bayraqdar.info-ya oktyabrın 29-da İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Məlum olduğu kimi, 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilib. Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə bağlı keçirilən sammit çərçivəsində xüsusi panel təşkil olunub. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə birgə hibrid formatda keçirilmiş “Regionun əsas sosial və iqtisadi çağırışları: Nizami Gəncəvi üzrə baxış” mövzusunda paneldə Nizami yaradıcılığının dünya ədəbiyyatına və mədəniyyətinə verdiyi töhfə, iqtisadi, ticari və mədəni münasibətlərin Nizaminin əsərlərində təzahürü, şairin fikirlərinin müasir bazar iqtisadiyyatı dövrü ilə səsləşməsi, investisiyanın cəlb edilməsinə mədəni əlaqələrin təsiri haqqında məlumat verilib.

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Kəşmir Universitetinin professorları Nasim Ahmad Şah və Qulam Nəbi Xaki, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (IRCICA) baş katibi Mahmut Erol Kılıç mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Bundan başqa “İnvestisiya qərarlarında mədəni ölçü”, “Startap layihələrinə investisiya qoyuluşu” , “Davamlı inkişaf məqsədlərinə nail olunması üçün texnoloji investisiyaların rolu” panelləri üzrə də müzakirələr keçirilib.

Qeyd edilib ki, oktyabrın 29-da Şuşa və Füzuli şəhərlərində səfərdə olacag Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitinin iştirakçıları, həmçinin Gəncə şəhərində keçiriləcək Nizami Gəncəvinin 880 illiyi ilə bağlı mədəni tədbirlərdə iştirak edəcəklər.

Mission News Theme by Compete Themes.