Son yeniləmə: 28 Oktyabr 2021 23:34
Bayraqdar.info – Millət vəkili Ramil Həsənin təşəbbüsü və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfıratın dəstəyi ilə yaradılan “Tək millət, tək ürək” Beynəlxalq Humanitar Qardaşlıq Platforması çərçivəsində şəhid və qazi ailələrinin övladlarının Türkiyənin universitetlərində burslu (təqaüdlə) təhsil almaları üçün müvafiq addımlar atılıb. Artıq ortada real nəticə də var. Belə ki, görülən işlər nəticəsində bu günədək 25 tələbə Sivas Cümhuriyyət Universitetində təqaüdlə təhsil alır.
Bu arada bayraqdar.info-nun əldə etdiyi məlumata görə, KKTC-nin bəzi universitetləri də bu aksiyaya dəstək olmağa qərar veriblər. Bəs, bəhs edilən katiqoriyadan olan gənclərin təhsil alması üçün həmin universitetlərə göndərilməsi niyə reallaşmayıb?
Bu sualla müraciət etdiyimiz TÜİB İdarə Heyətinin sədri Hüseyin Büyükfırat öncə onu deyib ki, “Tək millət, tək ürək” Beynəlxalq Humanitar Qardaşlıq Platforması çərçivəsində şəhid və qazi ailələrinin övladlarının Türkiyənin Sivas Cümhuriyyət Universitetində təqaüdlə təhsil almaları üçün bundan sonra da fəaliyyətləri davam etdiriləcək: “Gələn il üçün hədəfimiz 200 tələbənin burslu təhsil almasına yardım etməkdir. Bir sözlə, 44 günlük tarixi II Qarabağ müharibəsində Azərbaycan üçün canlarını fəda etmiş şəhidlərin ailələrinə, yaralılara, qazilərə və onların ailə üzvlərinə hərtərəfli dəstəyi nəzərdə tutan aksiya çərçivəsində, onların təhsil, sosial və maddi-mənəvi problemlərinin həlli istiqamətində qardaşlığın bir təcəssümü kimi bundan sonra da uğurlu iş aparılacaq”.
Konkret olaraq sualımıza gəlincə H.Büyükfırat deyib: “Aksiyaya ilk dəstək Sivas Cümhuriyyət Universitetindən gəldiyi və şərtlərimiz bütünlüklə qəbul edildiyi üçün ilkin mərhələdə 25 gənci ora göndərdik. Təbii ki, KKTC universitetləri də bu istəkdə bulundular. Amma KKTC universitetləri sadəcə təhsil bursu verməyə hazır olduqlarını dedilər. Halbuki biz bu gənclərin həm yemək, həm qalmaq, həm yaşam, həm də gediş biletləri üçün də bursun verilməsini istəyirik. Hazırda həmin universitetlərdən cavab gözləyirik və əminik ki, bu cavab müsbət olacaq. Daha dəqiq desək, inşallah gələn il də şəhid və qazi ailələrindən olan gəncləri Türkiyədə ali təhsil almaq üçün göndərəcəyik. Böyük ehtimalla, eyni zamanda, KKTC-yə də göndərəcəyik. Yəni, inanıram ki, KKTC universitetləri bizim istəyimizi müsbət dəyərləndirəcəklər”.
Aksiyanın təşəbbüskarı, Milli Məclisin deputatı Ramil Həsən isə sualımızı bu şəkildə cavablandırıb: “Məlum olduğu kimi şəhid və qazi ailələrinin övladlarının (ümumilikdə 25 nəfər) Sivas Cümhuriyyət Universitetinə oxumağa göndərmişik. KKTC universitetlərindən gələn təkliflər də hazırda dəyərləndirmə mərhələsindədir. Bununla bağlı fikir, Türkiyə səfirliyinin keçirdiyi yolasalma mərasimində səsləndirilib. Sadəcə biz şəhid və qazi ailələrindən olan gənclərin tam burslu şəkildə təhsil alması üçün çalışırıq. KKTC-dən gələn burs təkliflərində isə sadəcə olaraq təhsil burus, yəni, təhsil haqqının ödənilməsi nəzərdə tutulur. Amma yaşam xərcliyi, qalmaq, yemək, təyyarə bileti ilə bağlı burs təklif edilmir. Ona görə də biz hazırda bu məsələlərdə də bir nəticə əldə etmək üçün KKTC universitetləri ilə müzakirələr aparırıq. Bu müzakirələrin nəticəsinə uyğun olaraq müvafiq addımlar atılacaq. Yəni, biz müzakirələrin müsbət nəticələnəcəyini gözləyirk. Bundan sonra təhsillə bağlı müvafiq elanı verəcək, həm də o elana müvafiq olaraq yerləşdirmə prosesini həyata keçirə biləcəyik. Bir sözlə, proses öz qaydasında davam edir”.