Bayraqdar.info – “Cümhuriyyətin qurulması ərəfəsində Osmanlı Türkiyəsinin tuş gəldiyi müharibələr ölkədə böyük dağıntılara və böhrana səbəb olmuşdu. Ölkə acınacaqlı durumda idi. 98 il əvvəl Türkiyə Cümhuriyyəti məhz belə bir ağır vəziyyətdə elan edildi”.
Bunu bayraqdar.info-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç deyib.
Keçmiş səfir həmin dövrün ağır şərtləri konteksində Türkiyə Cümhuriyyətinin elan edilməsini cəsarət, qəhrəmanlıq və uzaqgörənlik nümunəsi kimi dəyərləndirib: “Osmanlı İmperatorluğunun Birinci Dünya Müharibəsində məğlub olmasından sonra, 1920-ci il mayın 11-də İstanbuldakı Osmanlı hökuməti ilə qalib dövlətlər arasında Türkiyə ərazilərinin böyük hissəsinin işğalını rəsmiləşdirən təslimçi Sevr müqaviləsi imzalandı. Lakin Qərbin heç gözləmədiyi bir halda ortaya Qazi Mustafa Kemal Atatürk kimi bir qəhrəman sərkərdə çıxdı. Təslimçiliyi qəbul etməyən və Mustafa Kemal Atatürkün rəhbərliyi altında toplanan müqavimət qüvvələri işğalçılara qarşı Qurtuluş Savaşına başladı. 1920-ci il sentyabrın 14-də ümumi səfərbərlik elan edildi və “Əhalisi əsasən türklərdən ibarət bölgələr türk sərhədi olaraq da qalmalıdır” fikrindən yola çıxan mübarizlərin 30 avqust 1922-ci ildə Meydan Savaşını qazanması nəticəsində işğalçı güclər indiki Türkiyə torpaqlarından geri çəkilməyə məcbur oldu. 1923-cü il oktyabrın 13-də Ankara paytaxt elan olundu. Oktyabrın 29-da isə Böyük Millət Məclisində Türkiyə Cümhuriyyətinin qurulduğu rəsmən elan edildi. İstanbulun qurtuluşundan sonra isə Lozanna sülh müqaviləsi imzalandı. Beləliklə, Lozanna sülh konfransında uzun müzakirələrdən sonra, Türkiyə mövcud sərhədlər çərçivəsində böyük dövlətlər tərəfindən tanındı. Göründüyü kimi həmin çətin dövrlərdə Cümhuriyyətin elan edilməsi böyük cəsarət, qəhrəmanlıq və uzaqgörənlik tələb edirdi. Qazi Mustafa Kemal Atatürk və silahdaşları məhz bu cəsarəti, qəhrəmanlığı nümayiş etdirərək, böyük uzaqgörənliklə Türkiyə Cümhuriyyətinin yarandığını dünyaya bəyan etdilər. Bir daha bildirməyi özümə borc bilirəm ki, həmin vaxt bu addımı atmaq böyük cəsarət tələb edirdi. Yəni, belə bir vaxtda yeni dövlətin yaranmasını elan etmək və qısa zamanda dünyada bu dövlətin tanınmasına nail olmaq gerçək bir qəhrəmanlıq idi. Bu gözəl bayram günü Qazi Mustafa Kamal Atatürk olmaqla Türkiyə Cümhuriyyətini quran milli mübarizə qəhrəmanlarını hörmət və rəhmətlə anırıq”.
H.Kılıç bildirib ki, ötən illər ərzində böyük uğurlar qazanan, NATO-nun uzvü, Avrupa Şurasının qurucu üzvu, həmçinin yegənə müsəlman dövlət kimi G-20-nin üzvü olan olan, güclü orduya sahib və bir sıra məqamlarla bağlı dünyanın lider dövlətləri ilə eyni sırada dayanan Türkiyə Cümhuriyyəti bu gün regional və qlobal güc mərkəzi kimi əsas söz sahibinə çevrilib: “Təbii ki, bu uğurların kökündə həm də Türkiyənin ötən 98 ildə demokratiya ilə idarə edilməsı, dünyəvi və hüquq dövləti olması faktı dayanır. Eyni zamanda, hazırda dünyada sülhün, sabitliyin, haqqın, ədalətin müdafiəsi məsələsində də ilk sırada məhz Türkiyəni görmək mümkündür”.
Keçmiş səfir əlavə edib ki, 98 il ərzində əzmlə, daim irəliyə addımlayan Türkiyə qardaş Azərbaycanla birlikdə hazırda türk dünyasının da birliyi və inkişafı üçün inamlı addımlar atır: “Ötən il 44 günlük Vətən müharibəsinin sonunda qazanılan tarixi zəfər can Azərbaycanla yanaşı, Türkiyə və türk dünyasında böyük sevinc, qürur hissi ilə qarşılandı. Məlum olduğu kimi 44 günlük Vətən müharibəsi və başda Cümhurbaşqanı Recep Tayyip Erdoğan olmaqla rəhbər şəxslərin qardaş Azərbaycana siyasi, diplomatik və informasiya dəstəyi iki ölkənin birliyini gücləndirib, əlaqələrimizi, həmrəyliyimizi tarixin ən yüksək səviyyəsinə çatdırıb. Bu gün bir millət iki dövlət fəlsəfəsinə əsaslanan Türkiyə-Azərbaycan əməkdaşlığı digər türk dövlətləri üçün də stimul və nümunə rolunu oynayır. Bütün bunları xatırlamaqla, sevinc və qürur hissi ilə “nə mutlu türkəm” deyirəm”.